Əsas Səhifə > Cəmiyyət > ERMƏNİ ABİDƏSİ YEMƏDİ GETDİ
ERMƏNİ ABİDƏSİ YEMƏDİ GETDİ10-10-2011, 15:44 |
ƏVƏZİNƏ İKİ TÜRK BAYRAĞI DALĞALANIR Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Beynəlxalq Diaspor Mərkəzi (BDM), ASİMDER və Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində tədbirlər keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev məlumat verib. Onun sözlərinə görə, ziyalılardan, incəsənət xadimlərindən, Rusiya və Avropadan olan diaspor nümayəndələrindən ibarət geniştərkibli heyət Qars valisi Ahmet Kara və Qars Qafqaz Universitetinin rektoru Sami Özcan tərəfindən rəsmi qəbul olunub. Daha sonra Qarsda ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün abidələri önünə Azərbaycan heyəti adından çələnglər qoyulub. Bir müddət öncə Qarsda "erməni dostluğu" şərəfinə ucaldılmış abidənin söküldüyü yerdə Azərbaycan heyəti tərəfindən Türkiyə və Azərbaycan bayraqları eləcə də, tarixi İrəvan xanlığının bayrağı qaldırılıb və bir daha işğalçı Ermənistan qınanılıb. Qars Qafqaz Universitetində müstəqilliyimizin 20 illiyi münasibətilə konfrans keçirilib və tədbirdə Azərbaycan və Türkiyə tərəfindən alimlər məruzələr ediblər. Nümayəndə heyətini Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Ayxan Süleymanov da qəbul edib və onlarla səmimi görüş keçirib. BDM sədri İsmayıl Ağayev Baş konsul Ayxan Süleymanova Türkiyə-Azərbaycan münasibətlərində göstərdiyi xidmətlərinə görə plaket təqdim edib. Azərbaycandan olan incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib. Konsert Qars ictimaiyyətinin və rəsmi qurumların nümayəndələri tərəfindən hərarətlə qarşılanıb. Qarsda keçirilən tədbirlərin yekununda Qars valisi Ahmet Kara və Baş konsul Ayxan Süleymanov tərəfindən ayrı-ayrılıqda Azərbaycan heyətinə ziyafət verilib. Həmçinin Qarsın Koçköyündə uyuyan Milli iftixarlarımızdan olan Soltan bəy Paşabəyoğlunun Azərbaycanın tarixindəki rolu haqqında sənədləri və bəylik şəcərəsinin surəti Qars valisinə və Baş konsulumuza təqdim olunub. Səfər proqramının 2-ci hissəsinə İğdırda start verilib. Burada Azərbaycan heyətini İğdır valisi Amir Çiçək rəsmi qəbul edib və belə səfərlərin iki qardaş ölkə arasında xüsusi rol oynadığını bildirib. BDM sədri İsmayıl Ağayev də öz növbəsində İğdır valisinin hər zaman olduğu kimi Azərbaycan heyətinə göstərmiş olduğu qayğıya görə təşəkkürünü bildirib, Azərbaycan-Türkiyə münasibətlərində göstərmiş olduğu xidmətlərə görə Amir Çiçəyə plaket təqdim edib. Daha sonra nümayəndə heyətini İgdır Universitetinin rektoru İbrahim Yılmaz qəbul edib. Eyni zamanda İğdır Universitetində professor, müəllim və tələbə heyətinin iştirakı ilə istiqlaliyyət tariximizə dair konfrans keçirilib. Azərbaycan nümayəndə heyəti İğdırda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan fənn liseyini ziyarət edib və oraya Azərbaycan adından piano hədiyyə edilib. BDM-in təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış pianonun litseyə hədiyyə olunması təhsil ocağının kollektivi tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. Liseyin direktoru Tuna Ok hədiyyə olunmuş pianonun maddiyyatdan daha çox mənəvi üstünlüyünü qeyd edərək, bu işdə göstərmiş olduğu xidmətlərinə görə BDM sədri İsmayıl Ağayevə minnətdarlıq plaketi təqdim edib. Səfər proqramının yekununda İğdır Mədəniyyət Sarayında sənətçilər Şəmistan Əlizamanlı, İdris Nəbiyev, Yaqut Qarabağlı, Əziz Məmmədov, Rəşad İdrisoğlunun iştirakı ilə geniş konsert proqramı keçirilib. İğdır valisi Amir Çiçək başda olmaqla, İğdır vilayətinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri geniş tərkibdə tədbirdə iştirak ediblər. Tədbirdə BDM sədri İsmayıl Ağayev tərəfindən ASİMDER başqanı Göksəl Gülbəyə göstərdiyi xidmətlərə görə plaket təqdim edilib. Geri qayıt |