Əsas Səhifə > Gündəm, Manşet > 70 YAŞLI KİŞİNİ VƏRƏSƏLİKDƏN ÇIXARIBLAR

70 YAŞLI KİŞİNİ VƏRƏSƏLİKDƏN ÇIXARIBLAR


18-04-2012, 12:40
70 YAŞLI KİŞİNİ VƏRƏSƏLİKDƏN ÇIXARIBLAR

GƏNCƏ MƏHKƏMƏSİNİN HAKİMİNİN ÖZBAŞINALIĞI PİK NÖQTƏSİNƏ ÇATIB

DİA.AZ: - Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Abdulla İsgəndərovla bağlı redaksiyamıza şikayət daxil olub. Gəncə şəhəri, Bakı küçəsi 70 saylı evdə qeydiyyatda olan Ələkbərov Sabir Tahir oğlu yazır ki, atasnın yeganə oğlu ola-ola, hakim Abdulla İsgəndərov çıxardığı qanunsuz qətnaməsi ilə onu vərəsəlik hüququndan məhrum edib. Şikayətçi DİA.AZ-a yazır:

"Hörmətli redaksiya!

Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Abdulla İsgəndərovun qanunsuz hərəkətləri barədə mətbuatda dərc olunan yazıları oxudum və çox həyəcanlandım. Çünki eyni ilə mənim də başıma bu cür hadisə gəlib.

70 yaşım var. Gəncə şəhəri, Bakı küçəsi 70 saylı evdə anadan olmuşam. Bu evdə ailə həyatı qurmuşam, övladlarım, nəvələrim olub. Kiçik oğlum Qarabağ müharibəsi veteranıdır. Ailə üzvlərimlə bu evdə qeydiyyatdayıq.

Atam 14 yaşımda ikən dünyasını dəyişib. Yeganə bir bacım var. O da 48 ildir Bakı şəhərində yaşayır və orada daimi qeydiyyatdadır. Saxta, mövcud olmayan 5 sayda vəsiyyətnamələrlə ata yurdumdan məcburi çıxarılmışam. Hal-hazırda mülki işlə bağlı məhkəmə prosesləri aparılır.

03 iyul 2009-cu il tarixdə mən sözügedən ünvanda qeydiyyatda ola-ola, xəbərim və iştirakım olmadan Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Abdulla İsgəndərov "ölülərlə" məhkəmə prosesi aparıb. Belə ki, anam 1996-cı ildə, qohumum, evimizdə kirayənişin kimi yaşayan Rəhimov Ələsgər Ələkbər oğlu 2003-ci ildə dünyadan köçüblər.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18.08.2008-cu il tarixli 2-14/08 saylı qətnaməsində mülk bütövlüklə Quliyeva Saidə Tahir qızının adında olmasına baxmayaraq, 2009-cu ildə Ələkbərova Şərəbanı Məmmədtağı qızının adına olması göstərilir.

Yəni mülk Quliyeva Saidə Tahir qızının adında ola-ola iddia ərizəsi mərhum Ələkbərova Şərəbanı Məmmədtağı qızının adından verilib.

Nəticədə, mərhum anam Ələkbərova Şərəbanı Məmmədtağı qızına mülkiyyət hüququ tanınmışdır. Ələkbərova Şərəbanı Məmmədtağı qızı ilə Rəhimov Ələsgər Ələkbər oğlu arasında alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, Rəhimov Sergey Ələkbər oğlu Rəhimov Ələsgər Ələkbər oğlunun vərəsəsi hesab edilmiş və Bakı küçəsi 70 saylı mülkün "B" hissəsinə mülkiyyət hüququ Rəhimov Sergey Ələkbər oğluna verilmişdir.

Mən isə atamın yeganə oğlu ola-ola, bu ahıl yaşımda vərəsəlik hüququmdan məhrum olunmuşam".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq və aidiyyəti şikayəti Azərbaycan Məhkəmə Hüquq Şurasına göndərdik. Yəqin nəticəsi olacaq.


Geri qayıt