Əsas Səhifə > Güney Press, Araşdırma > HAKİMİYYƏT DİALOQDAN NİYƏ QAÇDI?

HAKİMİYYƏT DİALOQDAN NİYƏ QAÇDI?


17-04-2012, 13:16
HAKİMİYYƏT DİALOQDAN NİYƏ QAÇDI?

“ÇÜNKİ İQTİDAR İSLAHATLARA HAZIR DEYİL”

ATƏT-in Bakı Ofisi siyasi partiyaların iştirakı ilə "Siyasi Partiyalar Haqqında" Qanunla bağlı müzakirələr təşkil etmək niyyətində idi. Lakin bu qanun layihəsi Milli Məclisin komitəsindən keçdiyi üçün buna ehtiyac qalmadı. Bundan sonrakı cəhdlər yalnız partiyaların təşəbbüsü ilə olacaq. “Müxalifətin gələcəkdə iqtidarla danışıqlar aparması üçün hər hansı bir təşəbbüslə çıxış etməsi mümkündürmü”,-sualını cavablandıran AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, müxalifət və iqtidar görüşünün baş tutması ilə bağlı məsələlərin hər vaxt gündəmə gətirilmədiyini qeyd etdi. “İctimai Palata olaraq demokratiyaya yumşaq keçidin “Yol xəritəsini” hazırlayaraq ölkə ictimaiyyətinə və hakimiyyətə təqdim etmişdik. Həmin dövrdə bildirmişdik ki, bu sənəd hakimiyyətlə müxalifət arasındakı dialoqun predmeti ola bilər.”

Həmin dövrdə İP-nın təklifinə qarşı hakimiyyət tərəfindən ironik münasibət sərgiləndiyini qeyd edən Fuad bəy, “Azərbaycan hakimiyyəti həmişə olduğu kimi öz aqressiv siyasətini bir daha üzə verdi”,-deyə bildirdi: “Sonradan hakimiyyətə qarşı aparılan beynəlxalq təzyiqlər nəticəsində, iqtidar məmur səviyyəsində açıqlama verdi ki, biz müxalifət nümayəndələri ilə görüşməyə hazırıq. Bu ondan xəbər verir ki, hakimiyyətin dialoqla bağlı atdığı addım daha çox görüntü xarakteri daşıyır. Məqsəd burada dialoq aparmaq yox, dialoq məsələsini pərdələməkdir.”

Partiya funksioneri sonra əlavə etdi ki, hakimiyyət ölkə üçün əhəmiyyətli və taleyi yüklü bir məsələni məmur və müxalifət funksioneri səviyyəsinə salmaqla bir daha sübut etdi ki, bu məsələyə qarşı ciddi yanaşmır: “Belə bir inkar mövqeyi ondan xəbər verir ki, hakimiyyət ölkədə hər hansı bir islahatların aparılması ilə bağlı dialoqa hazır deyil. Ona görə də dialoqun baş tutmamasının səbəbi Azərbaycan hakimiyyətinin aqressiv mövqe sərgiləmisidir. ”

Sonda Fuad bəy əlavə etdi ki, müxalifətin bundan sonra dialoqla bağlı hər hansı təşəbbüslə çıxış etməsi, qeyri-ciddi bir vəziyyət yarada bilər: “Müxalifət özündən asılı olan hər bir şeyi edib. Nə vaxt ki, dialoq mühitinin yaradılmasına dair hakimiyyət tərəfindən konkret addımlar atılacaq, o zaman dialoq məsələsi gündəmə gələ bilər.” / FaktXeber /


Geri qayıt