Əsas Səhifə > Gündəm, Manşet > OTELLƏRİN QİYAMI BAŞ QALDIRA BİLƏR

OTELLƏRİN QİYAMI BAŞ QALDIRA BİLƏR


16-04-2012, 13:22
OTELLƏRİN QİYAMI BAŞ QALDIRA BİLƏR

HAKİMİYYƏTİN TƏKLİF ETDİYİ QİYMƏTLƏR OTEL BİZNESİNİ ÇÖKDÜRƏR

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək “Eurovision 2012” müsabiqəsi dövründə hotellərdə süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə hökumət əlavə tədbirlərə əl atmaq niyyətindədir. Artıq bu barədə rəsmi mövqelər də səslənib. Elə bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin özü də sözügedən mövzu ilə bağlı mövqe ortaya qoymuşdu.

Onun sözlərinə görə, nazirlik bütün mehmanxanalardan zəmanət alıb ki, “Eurovision”a gələn qonaqlar üçün qiymətlərdə heç bir artım olmayacaq: “Yəni hotellər adi vaxtda Azərbaycan vətəndaşlarına hansı qiymətlərlə xidmət göstərirlərsə, “Eurovision”a gələn qonaqlara da həmin qiymətlərlə xidmət göstərəcəklər”.

Nazir qeyd edib ki, ötən il Azərbaycanda fəaliyyət göstərən hotel, mehmanxana və istirahət mərkəzləri qiymətləri təxminən 20% aşağı salıb: “Bu da rəqabət nəticəsində əldə olunub. Hər il ölkədə 40-50 istirahət mərkəzi istifadəyə verilir. Düşünürəm ki, bazar qiymətləri tənzimləyəcək və nə qədər çox turizm mərkəzi olsa, qiymətlər daha da aşağı düşəcək”.

Ə.Qarayev deyib ki, “Eurovision”la əlaqədar Azərbaycana gələn turistlər üçün Bakı və Bakıətrafı qoruqlara, eləcə də regionlara turlar təşkil olunacaq: “Artıq bunun üçün hər şey hazırdır. Bütün mehmanxanaların qarşısından avtobuslarla ekskursiyalar təşkil olunacaq. “Eurovision” zamanı muzeylər saat 20:00-a, müsabiqə günlərində isə 00:00-a kimi işləyəcək. Eyni zamanda qoruqlara tapşırıq verilib ki, turistlər üçün əlverişli qrafiklər tərtib etsinlər”.

DİA.AZ-a bu barədə daxil olan məlumatlardan isə aydın olur ki, Bakıda fəaliyyət göstərən otellərin əksəriyyətinin sahibləri nazirliyin bu məsələyə müdaxiləsindən heç də məmnun qalmayıblar və artıq yuxarı instansiyalara narazılıqlar çatdırılıb. Mənbəmiz bildirir ki, hətta bəzi otel sahibləri nazirliyin təqdim etdiyi qiymətləri ümumiyyətlə, yaxın buraxmaq fikrində olmayıb.

Məlumdur ki, bu gün otellərin əksəriyyəti ayrı-ayrı məmurlara və yaxud da hansısa xarici şəbəkəyə məxsusdur. Belə olan təqdirdə narazılığı elə məmurların özlərinin saldığı aydın olur. Lakin burada da iş var imiş.

Mənbəmizin iddialarına görə, artıq otel rəhbərləri adından edilən müraciətə Nazirlər Kabineti tərəfindən müsbət cavab verilib və bu barədə hakimiyyətin də razılığı var: «Məsələ bundadır ki, otel sahibləri qiymətlərin aşağı salınmasına razılıq veriblər. Amma bir şərtlə. Aradakı fərqi hökumət qapatmalıdır».

Məlumatlara görə, bütün otellərə olmasa da, əksər iri otellərə, xüsusən də əcnəbilərə məxsus otellərə belə bir güzəştin edilməsinə razılıq verilib: «Qərara görə, həmin otellər hökumətin təklif etdiyi tariflərlə fəaliyyət göstərəcək və arada yaranan fərqi də hökumət ödəyəcək».

Hər halda, burada da ayrıseçkiliyin salınması hakimiyyətin mahiyyətinə tam olaraq uycundur. Yəni arxasızsansa, əzilməlisən…

Onu da bildirək ki, əslində bu məsələyə otellərin narazılıq etməsi də haqlı bir məqamdır. Hər halda, otel biznesi üçün «Avroviziya» kimi tədbirlərin xüsusi önəmi var. Və heç bir yerdə görünməyib ki, hansısa hökumət özəl otel sahiblərinin qiymətlərinə müdaxilə etsin. Bu, yalnız Azərbaycanda görünən bir hadisədir. Yəni il uzunu müştəri gözləyən otelçilər əllərinə düşən fürsəti qaçırmaq zorunda qalırlar…


Geri qayıt