Əsas Səhifə > Gündəm, Manşet > DAHA HANSI RAYONUN RƏHBƏRİ DƏYİŞİR?

DAHA HANSI RAYONUN RƏHBƏRİ DƏYİŞİR?


16-04-2012, 11:48
DAHA HANSI RAYONUN RƏHBƏRİ DƏYİŞİR?

RAMİZ MEHDİYEV PA-DA ƏMƏLLİ-BAŞLI KADR MƏKTƏBİ YARADIB

DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət icra strukturlarında nəzərdə tutulan yerdəyişmə siyasətini çox yubatmadı. Əslində rəsmi dairələr bu prosesi «kadr islahatı» kimi təqdim etməyə çalışsalar da, burada yenilikdən daha çox köhnələrin yerlərinin dəyişdirilməsi prosesi müşahidə olunduğundan prosesin «islahat» kimi təqdim olunması imkansızdır.

Elə bu da cəmiyyətdə hakimiyyətin hansısa mənada müsbətə doğru dəyişiklərdə maraqlı olmaması barədə qətiləşmiş rəyi daha da möhkəmləndirmiş oldu. Artıq hər kəsə tam olaraq aydın olur ki, YAP iqtidarı nəinki siyasətini, hətta bu siyasəti yürüdən kadrlarını belə dəyişəcək gücdə deyil. Kimlərdənsə imtinanın yarada biləcəyi təhlükənin qorxusu hakimiyyətin ehtiyatlı davranışlarının sırasını daha da genişləndirir.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki məlumatlı mənbə bildirir ki, amma buna rəğmən hakimiyyət yenə də bir sıra icra başçıları ilə bağlı planlarını davam etdirmək niyyətindədir: «Doğrudur, bu dəfə də daha çox yerdəyişmə müşahidə olunacaq. Amma yeniliklər də istisna deyil».

Mənbəmizə görə, məsələn, hazırda Xaçmaz rayonuna rəhbərlik edən Şəmsəddin Xanbabayevin Bakının Xətai rayonu icra başçısı postuna gətiriləcəyi planlaşdırılır: «Şəmsəddin Xanbabayevin hakimiyyət içində çox böyük dayaqları var və həmin ünvanların hələ də qüdrət sahibi olmaları bu adamın karyerasının davam etdirilməsi ilə nəticələnməkdədir. Amma ondan fərqli olaraq son zamanlar daha çox hədəfə çevrilmiş və bir çox ünvanların qəzəbini qazanmış Xətainin icra başçısı Razim Məmmədov vəzifəsiz qalacaq».

Vəzifəsindən birdəfəlik olaraq alınacaqlar sırasında eyni zamanda, Tovuzun, Binəqədinin və Nərimanovun icra başçılarının da olduğunu bildirən qaynaq həmin postlara birbaşa olaraq Prezident Administrasiyasının kadrlarının təyin ediləcəyini iddia edir: «Prezident Administrasiyası bu gün kifayət qədər ciddi kadr yetişdirən məktəbə çevrilib. Burada hər kəsin öz marağı var. Məlumdur ki, PA bu gün iki qruplaşmanın nəzarəti altındadır və ancaq əsas söz sahibi Ramiz Mehdiyevdir. Odur ki, yetişdirilən kadrların əksəriyyəti də birbaşa olaraq Mehdiyevə bağlıdır. Yəni əgər Ramiz Mehdiyev PA rəhbərliyindən gedirsə belə, o, öz adamlarını müxtəlif rəhbər rıçaqlara yerləşdirməklə, gələcəkdə də nüfuz dairəsini qoruya bilməsi üçün təminat bazası yaratmış olur».

Onu da xatırladaq ki, keçən həftə Masallı rayonunun icra başçısı postundan azad edilən Qəzənfər Ağayevin də yerinə Ramiz Mehdiyevin adamı təyin olunmuşdu.


Geri qayıt