Əsas Səhifə > Ölkə > JURNALİSTLƏ “LİDER” KANALI ÜZ-ÜZƏ GƏLİR

JURNALİSTLƏ “LİDER” KANALI ÜZ-ÜZƏ GƏLİR


13-04-2012, 13:31
JURNALİSTLƏ “LİDER” KANALI ÜZ-ÜZƏ GƏLİR

NATİQ GÜLƏHMƏDOĞLU “ALFA” OTELİ DƏ MƏHKƏMƏYƏ VERİB

Aprelin 17-də Yasamal Rayon Məhkəməsində “Azadlıq” qəzetinin yazarı Natiq Güləhmədoğlunun (Natiq Adilov) “Afra” otelinə və “Lider” telekanalına qarşı şikayəti əsasında başlamış məhkəmənin hazırlıq iclasının davamı olacaq.

Jurnalistin hüquqlarını müdafiə edən hüquqşünas İntiqam Əliyev “Media forum” saytına bildirib ki, hakim Anar Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 15-də başlanacaq.

2010-cu ilin dekabr ayının 6-10-da Almaniyanın Konrad Adenauer Fondu (“Deutsche Welle” Akademiyası ilə əməkdaşlıq çərçivəsində) Azərbaycanın Oğuz rayonunda “Siyasətçilər və jurnalistlər üçün siyasi kommunikasiya” proqramı üzrə media təlimi keçib. “Afra” otelində keçirilən tədbirdə media nümayəndələri, partiya təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları arasında Natiq Güləhməoğlu da olub.

2011-ci ilin aprelin 15-də bir qrup jurnalistə, informasiya agentliyinə Natiq Güləhmədoğlunun “Afra” otelində qaldığı otaqda gizli qaydada lentə alınmış görüntülərinin yer aldığı videoçəkiliş göndərilib.

Həmin videomaterial montaj olunub, ona pornoqrafik elementlər olan video görüntülər əlavə edilib və əvvəlcə “Youtube.com”da, digər portallarda, aprelin 16-da isə jurnalisti aşağılayan şərhlərlə “Lider” telekanalında yayımlanıb.

Natiq Güləhmədoğlu məhkəməyə özəl həyatına müdaxilə olunmasından və ifadə azadlığı hüququnun pozulmasından şikayət verib. Jurnalist cavabdehlərin üzərinə ondan üzr istəmək vəzifəsinin qoyulmasını, vurulan mənəvi ziyanın əvəzi kimi hər birindən 100 min manta tutulmasını tələb edir.

İntiqam Əliyev hesab edir ki, burda şantaj olduğu üçün cinayət işi qaldırılmalıdır: “Amma jurnalistlərin prokurorluğa ünvanladığı şikayət nəticəsiz qalıb. Məhkəmə heç bir əsas olmadığı halda 9 aya yaxındır ki, şikayətə baxmır. Bu məhkəmənin hansı qərar çıxaracığı barədə proqnoz vermək üçün ölkədə məhkəmələrin durumuna azacıq bələd olmaq yetərlidir”.


Geri qayıt