Əsas Səhifə > Siyasət, Manşet > DƏRMAN MAFİYASI İLƏ BAĞLI ŞOK FAKT

DƏRMAN MAFİYASI İLƏ BAĞLI ŞOK FAKT


13-04-2012, 11:24
DƏRMAN MAFİYASI İLƏ BAĞLI ŞOK FAKT

OQTAY ŞİRƏLİYEVİN NAZİRLİYİNDƏ GİZLİ DƏRMAN DEPOSU FƏALİYYƏTDƏDİR

DİA.AZ: - Məlum olduğu kimi Səhiyyə Nazirliyi Hindistandan idxal edilən dərmanların qeydiyyat məsələsinə yenidən baxacağını bildirdi. Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov açıqlama vermişdi.

Onun sözlərinə belə aydın olurdu ki, Hindistan preparatları hazırda Azərbaycanın dərman bazarının 6 faizini təşkil edir: “2007-ci ildə bu dərmanlar ölkənin əczaçılıq bazarının 40 faizini təşkil edirdi. Görülən tədbirlər nəticəsində bu göstərici 6 faizə enib”.

P. Əzizbəyov demişdi ki, Azərbaycana idxal edilən Hindistan dərmanlarının qeydiyyat sənədlərinin müddəti bitdikdən onların qeydiyyatı məsələsinə yenidən baxılacaq.

Onu da bildirək ki, Hindistandan dərman idxalı «RiyadFarm»ın inhisarı altındadır. Bu əczaçılıq şirkətinin isə kimə məxsus olduğu hər kəsə aydındır. Onu da bildirək ki, ümumiyyətlə, prezident İlham Əliyevin yaxın qohumu olan İlqar Əliyevin rəhbərlik etdiyi «Riyad Farm» son illər dərman bazarından əməlli-başlı sıxışdırılıb. Və bunun əvəzində arxasında birbaşa olaraq səhiyyə naziri Oqtay Şirəliyevin dayandığı və deputat Cavanşir Feyziyevin rəhbərlik etdiyi «Avromed» şirkətinə geniş imkanlar tanınıb.

İndi isə aydın olur ki, Oqtay Şirəliyev İlqar Əliyevin bütünlükdə olaraq dərman bazarından çıxarılması üçün həlledici addımını atır. Məlumatlı mənbələrin bildirdiyinə görə, bu gün dərman bazarında cəmi-cümlətanı 20 faizlik payını zar-zor saxlamağa müvəffəq olmuş «RiyadFarm»ın Hindistan idxalına qadağa qoyularsa, o zaman şirkət ciddi maliyyə böhranı ilə üzləşə bilər.

Şirkətdəki qaynaqların bildirdiyinə görə, onsuz da «Riyad Farm»da son zamanlar ciddi maliyyə böhranı yaşanır və səhiyyə naziri Oqtay Şirəliyevin bu addımı da şirkət üçün çox ciddi zərbə rolunu oynaya bilər və hətta «Riyad Farm»ın özünü buraxması, müflis elan etməsi də gündəmə gələ bilər.

Bildirək ki, redaksiyamıza dərman biznesi ilə bağlı yeni faktlar da daxil olub. Bakı şəhərində çalışan əczaçılardan biri DİA.AZ-a çox ilginc faktlar açıqlayıb və bu faktların özündən belə məlum olur ki, səhiyyə nazirliyində əməlli-başlı dərman mafiyası formalaşıb və həmin mafiya bu gün milyonları dövlət büdcəsindən oğurlamaqla məşğuldur.

Mənbəmizin söylədiklərindən belə aydın olur ki, dərman bazarında hazırda bir neçə işbaz qrup fəaliyyətdədir: «Səhiyyə Nazirliyi adından bütün apteklərdən və dərman depolarından rüşvət yığılır və bu proses aşkar surətdə davam etdirilir. Sanki hakimiyyətin elan etdiyi antikorrupsiya siyasətinin səhiyyə sisteminə heç bir aidiyyatı yoxur. Kimsədən ehtiyat etmədən açıq şəkildə tələb etdikləri məbləği elan edir, bazarlaşırlar».

Bu prosesə isə səiyyə sisitemində əsas üç simanın rəhbərlik etdiyini bildirən mənbəmiz vurğulayır ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru Əbülfəz Abdullazadənin korrupsiya komandasında birlik rəhbəri Rüstəm və anbarın müdiri Fərhad əsas simalardır:

«Müxtəlif təhdid və hədələr hesabına hər bir əczaçını onlarla hesablaşmağa vadar edirlər və nəticədə rüşvət toplanılır. Kimsə də bu prosesin qarşısını alacaq gücdə deyil».

Onu da bildirək ki, bu arada mənbəmiz dərman mafiyası ilə bağlı daha bir şok faktı da açıqladı: «Respublikanın bütün müalicə müəssisələri üçün dərmana ayrılan pullar məcburi olaraq innovasiya idarəsinin anbarının və Oqtay Şirəliyevə yaxın olan dərman depolarının bank hesablarına köçürülür. Bundan sonra formal qaydada hesab-fakturalar yazılır, alınmayan dərmanların əvəzinə sıfır faizlə pul ödənilir, dərmanlar isə satışa çıxarılır».

Mənbəmiz bildirir ki, səhiyyə nazirliyinin innovasiya və tibb anbarında hal-hazırda böyük dərman çatışmamazlığı var: «İstənilən dərman nağd pula satılır. Amma bunun əvəzində nazirliyin anbarının içində gizli şəkildə dərman deposu da fəaliyyət göstərir ki, əsas fırıldaq işləri də bu yolla həyata keçirilir.

Onu da bildirək ki, mənbəmiz vəziyyətin bu şəkildə davam etdirilməsinin mümkünsüzlüyünü də vurğulamaqla yanaşı, əks halda səhiyyə sisteminin dərman sahəsinin çökə biləcəyini də vurğuladı: «Çünki tam olaraq özbaşınalıq mühiti hökm sürməkdədir. kim nə istəyir, onu da edir. Təki rüşvət yığılsın».


Geri qayıt