Əsas Səhifə > Güney Press, Araşdırma > QAFQAZDA MÜHARİBƏ GÖZLƏNİLİR

QAFQAZDA MÜHARİBƏ GÖZLƏNİLİR


12-04-2012, 14:54
QAFQAZDA MÜHARİBƏ GÖZLƏNİLİR

RUSİYA GÜRCÜSTANA NÖVBƏTİ MÜDAXİLƏNİ PLANLAŞDIRIR

İran ətrafında gərginlik artdıqca Qafqazda təhlükəsizliyin saxlanması ilə bağlı Vaşinqtonda narahatlıq artır. Bu barədə Turan-ın müxbiri məlumat verib.

Prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski hesab edir ki, Qərbin İrana hücumu olarsa, “Rusiyanın Gürcüstana qarşı ikinci dəfə müharibə etməsi” mümkündür.

Aprelin 11-də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSİS) təşkil etdiyi “Global Security Forum 2012” konfransında Bjezinski qeyd edib ki, “İsrail İrana hücum edərsə, bizim Cənubi Qafqazdakı milli maraqlarımız, o cümlədən BTC neft kəməri təhlükəyə məruz qalacaq. Belə olan halda Azərbaycanla İran arasında da münaqişənin mümkünlüyü ehtimal olunur”, - o vurğulayıb.

Bjezinskinin bəyanatı Ceymstaun Fondu rusların Gürcüstana qarşı mümkün hərəkətlərinə dair plan haqqında analitik sənəd dərc etdikdən sonra bir neçə gün sonra səslənib.

Həmin materiala görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində öz hərbi iştirakını genişləndirməkdə davam edir. Belə ki, 2012-ci ilin yayında İrana qarşı hərbi əməliyyatların başlanması ehtimal olunur.

Tbilisidə güman edirlər ki, Rusiyanın yeni müdaxiləsi oktyabra təyin edilmiş parlament seçkilərinə həsr oluna bilər. Sorğuya əsasən prezident Saakaşvilinin hakim partiyası qalib olmağa hazırdır, rusiyapərəst milyarder Bidzin İvanişvili isə kütləvi dəstək almaq iqtidarında deyil.

Eyni zamanda Vaşinqtondakı bəzi analitiklər Gürcüstana mümkün hücumu skeptik qiymətləndirirlər. Keçmiş diplomat və hərbçi Deyl Ersprinq hesab edir ki, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya və Cənubi Osetiyada möhkəmlənir.

Eyni zamanda onun fikrincə, əgər Yaxın Şərqdə miqyaslı müharibə başlayarsa, o zaman hər şey mümkündür. İstənilən halda Gürcüstana yeni müdaxilə Amerika-Rusiya münasibətlərini tamamilə poza bilər.

Digər analitik, Karlton Universitetinin Avropa və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Ceff Sahadeo deyib ki, son qərarı Putin qəbul edəcək. O, Qafqazda və Yaxın Şərqdə baş verənlərdən asılı olaraq ciddi siyasi haqq-hesab aparacaq. “Əminəm ki, Putin Saakaşvilinin gedişini görməyə çox şad olardı, amma düşünmürəm ki, o, Gürcüstana qarşı hərbi əməliyyata əl atacaq”, - o vurğulayıb.

Öz növbəsində Vaşinqtondakı dövlət məmurları bildirirlər ki, rusların regiondakı hərəkətlərini diqqətlə izləyirlər. “Biz son hadisələrdən xəbərdarıq”, - Vaşinqtondakı məmurlardan biri Bjezinskinin bəyanatını Turan-a şərh edərkən deyib.

“Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və bunu başqalarından da gözləyirik”, - o əlavə edib.

Qeyd edək ki, son vaxtlar Rusiya KİV-i Şimali Qafqazda qüvvə və vasitələrin cəmləşdiyini bildirirlər. Bir sıra hərbi ekspertlər əmindir ki, bu, Gürcüstana qarşı gələcək hərbi əməliyyat üçün lazımdır. Əməliyyatda məqsəd Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi bazasına yolun açılması olacaq. Qərb İrana qarşı müharibəyə başlayarsa, bu yolun açılması vacib olacaq. Hazırda Ermənistandakı Rusiya bazasının təchizatı İran vasitəsilə həyata keçirilir. İrana qarşı müharibə olarsa, bu yol bağlanacaq.


Geri qayıt