Əsas Səhifə > Şou-biznes > KOSMONAVTİKA GÜNÜNDƏ AD GÜNÜ ŞÖLƏNİ

KOSMONAVTİKA GÜNÜNDƏ AD GÜNÜ ŞÖLƏNİ


12-04-2012, 12:17
KOSMONAVTİKA GÜNÜNDƏ AD GÜNÜ ŞÖLƏNİ

MÜĞƏNNİYƏ BAHALI HƏDİYYƏ ETDİLƏR

“Nədən oldu” adlı mahnısını yazdıran müğənni bu gün təmtəraqlı məclis düzənləyəcək.

Milli.Az xəbər verir ki, aprelin 12-də təkcə kosmik səmanı araşdıran insanlar peşə bayramını qeyd etmirlər. Tarixin bu günündə estrada müğənnisi Ayan Babakişiyevanın ad günüdür.

Əkiz qardaşı Samirlə eyni xasiyyətdə olmasa da, bu xanım çox gənc yaşlarından özünəməxsusluğu ilə seçilməyə müvəffəq oldu. Ən özəl günündə sevincini oxucularımızla bölüşən müğənni həm arzularından danışdı, həm də özünə etdiyi hədiyyədən:

“Bütün insanlar kimi arzularım sonsuz və tükənməzdir. Sevdiklərimin yanımda olması, əzizlərimin sevgisi ilə əhatə olunmağım mənim üçün ən dəyərli hədiyyələrdir. O ki qaldı sənətə, bu bir həqiqətdir ki, qısa zaman kəsiyində sənət yolunda çox böyük uğurlara imza atmışam. Fərqli layihələrim həmişə məni sənət dünyasında seçilən simalardan edir.

Ad günüm ərəfəsində aldığım ən bahalı hədiyyəni sevimli bəstəkarımız Kamal müəllim etdi. Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun sözlərini yazdığı “Nədən oldu” adlı mahnısını lentə aldırdım. Ritmik notlar üzərində yazılmış mahnı radio dalğalarında səslənməkdədir. Ümidvaram ki, yaxın həftələrdə hit-paradlarda öz layiqli yerini tutacaq. Müğənni üçün bundan gözəl nə ola bilər ki? Xoşbəxt sənətçiyəm ki, dəstək aldığım hörmətli insanların sayı çoxalmaqdadır. Bu mənə stimul verir”.

Gecədən başlayaraq saysız-hesabsız təbrik zəngləri və mesajlar qəbul etdiyini diqqətə çatdıran gənc ulduz ad günü məclisi təşkil edəcəyini də vurğuladı: “Məhz ad günümüzü birlikdə qeyd etməyimiz üçün İstanbulda işləyən qardaşım Samir Bakıya gəlib. Ən yaxın dostlarımızın əhatəsində şad günümüzü keçirəcəyik. Ola bilsin ki, sənət dostlarımdan da kimlərsə təbrikə gəldilər. Fürsətdən istifadə edib gözəl sözlərini məndən əsirgəməyən əzizlərimə, dostlarıma və ən əsası pərəstişkarlarıma dərin minnətdarlığımı bildirirəm. Necə deyərlər, böyük qız olum”.

Milli.Az olaraq biz də Ayanı təbrik edir və onun müxtəlif vaxtlarda yetərincə rezonansa səbəb olan layihələrindən bəhs edən fotolarını ünvanladığımız hədiyyə kimi təqdim edirik. Canın sağlam, uğur-nailiyyətlərin bol, bəxtin daha gözəl olsun, istəkli Babakişiyeva!


Geri qayıt