Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI POSTU SATIŞA ÇIXARILIB

İCRA BAŞÇISI POSTU SATIŞA ÇIXARILIB


12-04-2012, 11:51
İCRA BAŞÇISI POSTU SATIŞA ÇIXARILIB

YARDIMLIDAN ÇIXARILAN XƏZƏR ASLANOV MİNGƏÇEVİRİ İSTƏYİR

DİA.AZ: - Qubadakı 1 mart hadisələrindən sonra icra başçısı postundan uzaqlaşdırılan Rauf Həbibovu məlum olduğu kimi, dünənə qədər Mingəçevirə rəhbərlik edən Mübariz Ağayev əvəzlədi. Bildirək ki, Ziya Məmmədovun kadrı hesab olunan Mübariz Ağayevin Qubaya təyinatı ilə «Quba NN şefindən alınır» kimi ideyalar da gündəmdən yığışdırılmış oldu və məlum oldu ki, nəqliyyat naziri Qubanı nəzarətində saxlamaqla yanaşı, Mübariz Ağayevin transferindən sonra boş qalan Mingəçevir şəhər icra hakimiyyəti başçısı postunu da əlində saxlamağa çalışır.

Bildirək ki, aradan xeyli vaxtın keçməsinə baxmayaraq, hələ də Mingəçevir rəhbərsiz qalıb. Amma bu post uğrunda çox ciddi mübarizənin baş qaldırdığı da müşaiyət olunmaqdadır. Mingəçevirdəki qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, bu günlərdə Yardımlıdan uzaqlaşdırılmış keçmiş icra başçısı Xəzər Aslanov Mingəçevirə rəhbər gəlmək fikrində olsa da, ona bu imkanı tanımayıblar. Bildirək ki, Xəzər Aslanovun Mingəçevirə gəlişi baş tutsaydı, bu əslində sözügedən şəhərin NN şefinin əlindən çıxması anlamını daşıyacaqdı. Amma Xəzər Aslanov Yardımlının icra başçısı postundan çıxarıldı və Mingəçevirin təyinatını ala bilmədi.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hələlik Mingəçevirin icra başçısı postuna iki şanslı namizədin adı hallandırılmaqdadır: «Bunlardan biri əslən Naxçıvandan olan bir xanımdır. Onunla bağlı cəmiyyət yetərincə məlumatlıdır. Digəri isə hazırda «Azəravtoyolservis»də Cavid Qurbanova müavinlik edən bir şəxsdir».

Qeyd edək ki, mənbəmiz hər iki başçılığa namizədlə bağlı təfərrüatlı bilgiləri redaksiyamıza çatdırıb. Lakin bu yöndəki araşdırmalarımız davam etdiyindən daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Mənbəmiz onu da bildirdi ki, bir neçə gün ərzində və hətta ola bilsin ki, bu gün Mingəçevir şəhərinə icra başçısı təyinatı verilsin: «Amma istənilən halda seçim bu iki şəxsin arasında olacaq».

Mövzu diqqətimizdədir…


Geri qayıt