Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOVUN QEYDİYYAT MAXİNASİYASI

KƏRƏM HƏSƏNOVUN QEYDİYYAT MAXİNASİYASI


12-04-2012, 11:13
KƏRƏM HƏSƏNOVUN QEYDİYYAT MAXİNASİYASI

PREZİDENTİN TAPŞIRIĞI DEYİL, OLİQARXLARIN MARAQLARI MÜDAFİƏ OLUNUR

DİA.AZ: - 2008-ci ilin əvvəlindən Dünya Bankının dəstəyi və dünya maliyyə təşkilatlarının vəsaiti hesabına daşınmaz əmlakın qeydiyyatı layihəsi həyata keçirilməyə başlayıb. Ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. razılaşmaya əsasən, 20 illik layihə çərçivəsində ölkədə qeydiyyatsız mənzillərin hamısı sənədləşdirilməlidir.

DİA.AZ bildirir ki, daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov isə mətbuata verdiyi açıqlamasında deyirdi ki, bu tikililər regionların baş planlarına uyğun yaşayış massivləri üçün nəzərdə tutulmuş yerlərdə tikilibsə, texniki durumu, arxitektor görkəmi, sanitar-texniki, yanğından mühafizə və mühəndis təchizatına olan ehtiyacları tam ödənilibsə, hüquqi qeydiyyatı məsələsi müsbət həll oluna bilər. Arif Qaraşov vurğulayırdı ki, vətəndaşın bələdiyyədən aldığı torpaq üçün ödədiyi xərclər nəzərə alınmaqla mülkiyyətin rəsmiləşdirilməsi üçün hüquqi forma tapılmalı və əhaliyə hüquqi yardım göstərilməlidir: «İndiyədək qanunsuz yolla torpaq alıb orada ev tikən əhalinin üzərinə günah kölgəsi salmaq fikrində deyiləm. Əlbəttə, bu insanlar gərək əvvəlcədən hüquqi cəhətdən maarifləndiriləydi. Bu işi isə yenə də bələdiyyələr və müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri görməliydi».

Bir sözlə, Qaraşov bələdiyyələr tərəfindən vətəndaşlara verilmiş torpaqların qanunsuz hesab edilməsinin əleyhinə idi və o, Dövlət reyestr Xidməti tərəfindən belə evlərin qeydiyyata alınmasının tərəfdarı idi. O, neft mədənlərinin, yüksək gərginlikli elektrik və yüksək təzyiqli qaz xətlərinin, yolların yaxınlığında yerləşən ərazilərdə tikilən evlərin də sökülməsi zamanı vətəndaşların xeyrinə qərar çıxarılmasının tərəfdarı idi. Təbii ki, bu həmin torpaqları bələdiyyələr vasitəsilə satanların və təkrar satışa çıxarmaq istəyənlərin mənafeyinə cavab vermədiyindən, hökumətin belə bir qərar çıxarmasına imkan vermədilər. Kim bilir, bəlkə Qaraşovun vurulmasında bu amilin də rolu olub. Dəqiq söyləmək çətindir. Ancaq faktdır ki, məhz Qaraşov vəzifədən getdikdən sonra qanunsuz tikililər problemilə müxtəlif dövlət qurumları «məşğul olmağa» başladı. Ziya Məmmədov və Etibar Pirverdiyev də rövnəq Abdullayevin «uçurmaq siyasətindən» faydalanaraq söküləcək evlərin siyahısını hazırladılar.

Eyni zamanda Kərəm Həsənov quruma nəzarəti ələ keçirdikdən sonra vəziyyət dəyişdi. Hətta indi qurumudan iddia edirlər ki, Dünya Bankının layihəsi qanunsuz hesab edilən evlərin sənədləşdirilməsini deyil, onun mexanizmlərinin hazırlanması, texniki tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün isə yenə də zaman məsələsini ortaya atırlar. Və əlavə olaraq da bildirirlər ki, evlər müvafiq normalara cavab verməsə söküləcək. Ancaq normaları müəyyən etməyə də tələsmirlər. Bunun isə məqsədli edilmədiyi şübhə doğurur.

Baş verənlərin zərbəsi isə yalnız vətəndaşlara deyil, həm də dövlətə dəyir. Sənədsiz evlərin qeydiyyata alınmaması iqtisadi müstəvidə də xeyli problemlər yaradır. Belə ki, bölgələrdə, xüsusən də kənd yerlərinin inkişaf etdirilməsi məqsədilə yerli və beynəlxalq kredit təşkilatları, banklar öz biznesini qurmaq istəyənlərə güzəştli şərtlərlə kredit təklif edir. Ancaq evlərin hüquqi qeydiyyat sənədi olmadığından sadə vətəndaşlar bu imkanlarından bəhrələnə bilmir. Çünki onların mülkiyyətindəki evlər girov təminatı kimi qəbul olunmur. Bu isə yerli və beynəlxalq maliyyə institutlarını Azərbaycanda kreditləşmədən çəkindirir.

Eyni zamanda evlərin sənədləşdirilməməsi onlardan vergi yığılmasını da mümkünsüz edir. Belə kİ, evlər Dövlət reyestr Xidmətində qeydiyyata alınmayıbsa, onlar əmlak vergisi və digər məsələlərlə bağlı da hər hansı ödəmələrə cəlb edilməsi hüquqi cəhətdən mümkün olmur. Ekspertlər sadə hesablamalar əsasında (Bakıda fərdi evlərin orta inventar dəyəri 30 min manat götürməklə-red.) hər il Bakı şəhərində, onun kənd və qəsəbələrindəki 500 min sənədsiz evin dövlətə 12 milyon 500 min manat ziyan vurduğunu müəyyən ediblər. Başqa sözlə, bu qədər evin qeydiyyata alınmaması ilə hər il bələdiyyələrə ödənməli olan 12,5 milyon manat «batırılır».

Eyni zamanda sənədləşdirilməyən evlərin altındakı həyətyanı torpaq sahələrinə görə bələdiyyələrə dəyən ziyanın məbləği kifayət qədər böyükdür. Ekspertlərin hesablamalarına görə, il ərzində torpaq vergisi üzrə yayındırılan vəsait 1,2 milyon manat edər. Beləliklə, hazırda təkcə Bakı şəhərində qeydiyyatda olmayan 500 min evə görə əmlak və torpaq vergisi üzrə il ərzində ümumilikdə 13,7 milyon manat vergidən yayındırılır. Ancaq bu da vurulan ziyanın tam həcmi deyil.

Ekspertlər isə hesab edirlər ki, sənədsiz evlər dövlət qeydiyyatına alınacağı təqdirdə bələdiyyələr hər il ölkə üzrə 30-50 milyon manat vergi toplaya bilər. Bu isə yerli infrastruktur layihələrinin həyata keçirilməsi üçün yetərli maliyyə vəsaiti sayıla bilər.

Əlbəttə, 30-50 milyon milyardlarla manat sərvəti olan məmurlar üçün elə də böyük vəsait deyil. Həm də bu ziyanın onlara deyil, dövlətə dəydiyini nəzərə alsaq, məmurlar üçün elə də mühüm əhəmiyyət kəsb etmədiyini söyləyə bilərik. Ancaq burda zərbə yalnız sadə vətəndaşlara və dövlətə dəymir, həm də tapşırığı bir ildir icra olunmayan prezidentin nüfuzuna dəyir!


Geri qayıt