Əsas Səhifə > Ölkə, Manşet > OQTAY ŞİRƏLİYEV PREZİDENTİN QOHUMUNA QARŞI
OQTAY ŞİRƏLİYEV PREZİDENTİN QOHUMUNA QARŞI10-04-2012, 16:26 |
SN ŞEFİNDƏN “RİYAD FARM”I BANKROT EDƏCƏK QƏRAR GƏLDİ DİA.AZ: - Azərbaycan Səhiyyə Nazirliyi Hindistandan idxal edilən dərmanların qeydiyyat məsələsinə yenidən baxacaq. Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, Hindistan preparatları hazırda Azərbaycanın dərman bazarının 6 faizini təşkil edir: “2007-ci ildə bu dərmanlar ölkənin əczaçılıq bazarının 40 faizini təşkil edirdi. Görülən tədbirlər nəticəsində bu göstərici 6 faizə enib”. P. Əzizbəyov deyib ki, Azərbaycana idxal edilən Hindistan dərmanlarının qeydiyyat sənədlərinin müddəti bitdikdən onların qeydiyyatı məsələsinə yenidən baxılacaq. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin son iclasında mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirilib ki, Azərbaycana idxal olunan keyfiyyətsiz Hindistan dərmanlarının satışdan çıxarılması ilə bağlı uğurlu işlər görülüb. Amma o, bu sahədə hələ də bəzi neqativ hallara təsadüf edildiyini deyib. Onu da bildirək ki, Hindistandan dərman idxalı «RiyadFarm»ın inhisarı altındadır. Bu əczaçılıq şirkətinin isə kimə məxsus olduğu hər kəsə aydındır. Onu da bildirək ki, ümumiyyətlə, prezident İlham Əliyevin yaxın qohumu olan İlqar Əliyevin rəhbərlik etdiyi «Riyad Farm» son illər dərman bazarından əməlli-başlı sıxışdırılıb. Və bunun əvəzində arxasında birbaşa olaraq səhiyyə naziri Oqtay Şirəliyevin dayandığı və deputat Cavanşir Feyziyevin rəhbərlik etdiyi «Avromed» şirkətinə geniş imkanlar tanınıb. İndi isə aydın olur ki, Oqtay Şirəliyev İlqar Əliyevin bütünlükdə olaraq dərman bazarından çıxarılması üçün həlledici addımını atır. Məlumatlı mənbələrin DİA.AZ-a bildirdiyinə görə, bu gün dərman bazarında cəmi-cümlətanı 20 faizlik payını zar-zor saxlamağa müvəffəq olmuş «RiyadFarm»ın Hindistan idxalına qadağa qoyularsa, o zaman şirkət ciddi maliyyə böhranı ilə üzləşə bilər. Şirkətdəki qaynaqların bildirdiyinə görə, onsuz da «Riyad Farm»da son zamanlar ciddi maliyyə böhranı yaşanır və səhiyyə naziri Oqtay Şirəliyevin bu addımı da şirkət üçün çox ciddi zərbə rolunu oynaya bilər və hətta «Riyad Farm»ın özünü buraxması, müflis elan etməsi də gündəmə gələ bilər. Mövzu diqqətimizdədir. Adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |