Əsas Səhifə > Cəmiyyət > ELŞAD QULİYEVƏ MİLLİ QƏHRƏMAN ADI VERİLSİN

ELŞAD QULİYEVƏ MİLLİ QƏHRƏMAN ADI VERİLSİN


10-04-2012, 12:01
ELŞAD QULİYEVƏ MİLLİ QƏHRƏMAN ADI VERİLSİN

“GÜNDƏM XƏBƏR” KAMPANİYASINI DAVAM ETDİRƏCƏK

Prezident İlham Əliyev sərəncam imzalayaraq Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşını orden və medallarla təltif edib. Polkovnik-leytenant Elşad Quliyevə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşlarına isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları verilib.

MTN ötən həftə Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki və Qusar rayonlarında xüsusi əməliyyat tədbirləri həyata keçirib. Nazirliyin açıqlamasına görə, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq, terrorçuluq aksiyaları planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanıb: “Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər xüsusi təyinatlılara odlu silahlardan atəş açıb və əl qumbarası atıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü yaxalanıb”.

Onu da qeyd edək ki, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev Azərbaycan prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Dünən isə bununla bağlı açıqlama yayan «Gündəm Xəbər» qəzetinin redaksiya kollektivi Elşad Quliyevə Milli Qəhrəman adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Qəzet redaksiyasından DİA.AZ-a verilən məlumatda deyilir ki, Elşad Quliyev əslində şəhid statusuna layiq görülməlidir:

«Belə bir ənənə qardaş Türkiyədə də var. Və orada iş başında ölən polis və xüsusi xidmət orqanlarının əməkdaşları şəhid statusu alırlar. Bu ənənə Azərbaycanda da formalaşmalıdır və əslində MTN-nin qətlə yetirilən zabiti bütün Azərbaycan xalqının və azərbaycan dövlətinin milli mənafeyi uğrunda qurban gedib. Odur ki, onun həm şəhid statusuna və həm də Milli Qəhrəman adına layiq görülməsi bu şücaətin layiqli təltifi olardı. Biz də redaksiya olaraq Azərbaycan prezidentindən xahiş edirik ki, təşəbbüsümüz nəzərə alınsın».

Prezidentin son təltifinə də reaksiya verən “Gündəm Xəbər” qəzetinin redaksiyasından bildiriblər ki, Elşad Quliyevin daha ali mükafatlara layiq görülməsi üçün kampaniyalarını davam etdirəcəklər.


Geri qayıt