Əsas Səhifə > Ölkə > QUBA MƏHBUSUNUN SƏHHƏTİ AĞIRDIR

QUBA MƏHBUSUNUN SƏHHƏTİ AĞIRDIR


9-04-2012, 15:23
QUBA MƏHBUSUNUN SƏHHƏTİ AĞIRDIR

RƏŞİD HACILI HƏYƏCAN TƏBİLİ ÇALDI

“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasından Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb.

Aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Onun sözlərinə görə, jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər.

Vəkil Z.Quliyevin səhhətində yaranmış problemlərdən ciddi narahatlıq keçirir. “Onda mədə xorası var. Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Z.Quliyev təxirə salınmadan müalicə olunmalıdır”, - vəkil qeyd edib.

R.Hacılı, həmçinin müdafiə etdiyi şəxslərin martın 13-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasında saxlanmasını ciddi qanun pozuntusu hesab edir. “Qanunvericiliyə görə, təqsirləndirilən şəxsi 72 saatdan çox saxlama kamerasında saxlamaq olmaq”, - o vurğulayıb.

V.Qonaqovun həyat yoldaşı bildirib ki, jurnalist evdə xəstə yatdığı zaman saxlanılıb. “Vüqar xəstə idi. Hərarəti var idi. Martın 13-də polislər apardı və dedilər ki, bir-iki saata qayıdacaq. Amma onu həbs etdilər”, - o bildirib.

O, son günlərdə həyat yoldaşının işini aparan müstəntiqlə görüşmək üçün müraciət edib. Lakin müstəntiq müxtəlif bəhanələrlə onunla görüşməyib. “Mən həyat yoldaşımın taleyi ilə bağlı məlumat almaq istəyirəm. Vüqarın günahı yoxdur. Prokurorluğun Vüqar haqqında yaydığı məlumat doğru deyil. O, heç kimdən pul almayıb. Bizim üç uşağımız var. Həbs xəbərini eşidəndən sonra atasının səhhəti pisləşib, yorğan-döşəyə düşüb”, - o qeyd edib.

Qeyd edək ki, “Xəyal” televiziyasının icraçı direktoru V.Qonaqov və baş redaktor Z.Quliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barələrində iki ay həbs qətimkan tədbiri seçilib.


Geri qayıt