Əsas Səhifə > Ölkə > QUBANIN BƏLƏDİYYƏ SƏDRİ GÜNAHKARDIRMI?
QUBANIN BƏLƏDİYYƏ SƏDRİ GÜNAHKARDIRMI?9-04-2012, 15:14 |
VƏKİLİ ONUN SUÇSUZ OLDUĞUNU BİLDİRİR “Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin cinayət xarakterli heç bir hərəkəti olmayıb. İstintaqın onunla bağlı mövqeyindən tamamilə narazıyam. İstintaq orqanı Elxan Əliyevin müdafiə hüququnu da dəfələrlə pozub”. Bunu vəkil Kamandar Nəsibov deyib. E.Əliyev martın 16-da Qubada saxlanıb. Martın 17-də Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Vəkilin sözlərinə görə, E.Əliyev martın 16-dan aprelin 4-dək qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma kamerasında saxlanılıb. Aprelin 4-də Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb. “Mənimlə martın 17-də müqavilə bağlanıb. Həmin gün istintaq qrupunun rəhbəri və üzvləri mənimlə telefonla danışmaqdan imtina edib, müqaviləmi qəbul etməyiblər. Müqaviləm olduğu halda martın 17-də iştirakım olmadan ona qarşı ittiham elan edilib. Yalnız martın 28-də müdafiə etdiyim şəxslə görüş üçün məktub veriblər. Həmin gün də üç saat gözləməyimə baxmayaraq, görüşə buraxmayıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına məni martın 29-da buraxıblar”, - o bildirib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslə görüşə buraxılmadığı müddətdə istintaq orqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində E.Əliyevi bir neçə dəfə dindirib və ondan hədə-qorxu ilə ifadə alıblar. “Həmin müddətdə hətta hüquq mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri onunla görüşüb, hədə-qorxu gəliblər”, - K.Nəsibov qeyd edib. O, müdafiə hüququnun pozulması, E.Əliyevin qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması barədə məhkəmələrə 4 şikayət ərizəsi verib. “Şikayələrim Bakının Nəsimi, Yasamal məhkəmələrinin, Bakı Apellyasiya Məhkəməsinin icraatındadır” , - o bildirib. Xatırladaq ki, martın 1-də Quba rayonunda bir neçə min adam rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibova etiraz olaraq dinc aksiya keçirib. Sonradan aksiya qarşıdurma ilə müşayiət olunub. Sakinlər İcra Hakimiyyətinin binasının şüşələrini qırıb, icra başçısının villasını yandırıb. Rayona daxili qoşunlar və polis qüvvələrinin yeridilməsinə baxmayaraq adamlar sakitləşməyib. Yalnız Rauf Həbibov istefaya göndərildikdən sonra sakinlər evlərinə dağılıb. Fakt üzrə cinayət işi başlanıb. Cinayət işi üzrə 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-nin barəsində həbs, 18-nib barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Geri qayıt |