Əsas Səhifə > Siyasət, Manşet > GƏNCƏ OLAYINA KÜVEYTDƏN REAKSİYA

GƏNCƏ OLAYINA KÜVEYTDƏN REAKSİYA


9-04-2012, 13:46
GƏNCƏ OLAYINA KÜVEYTDƏN REAKSİYA

KÜVEYT DÖVLƏTİ VƏHABİLƏRİN MÜDAFİƏSİNƏ QALXDI, HESABAT İSTƏDİ

DİA.AZ: - Gəncədə baş verən olaylar vəhabi məsələsini yenidən gündəmə gətirib. Məlumdur ki, bir qrup məmurumuz tərəfindən himaə olunan bu qruplaşma illərdir azərbaycanda qərarlaşıb. Xavaric və Sələfi kimi iki qismə bölünən vəhabilərin hər iki qanadı ölkəmizdə çox ciddi şəkildə təşkilatlanıb ki, bu məsələdə də kənar güclərin müstəsna xidmətləri var.

Bildirək ki, dövrü mətbuatda hətta nazirlərdən birinin övladının da bu təriqətlə bağlarının olması haqda xəbərlər yayılmışdı və qeyd olunurdu ki, həmin nazir balası hətta bir zamanlar fəaliyyətdə olan vəhabilərin sələfi qanadına aid edilən Əbü-Bəkr məscidində cümə namazlarında da iştirak edirmiş.

Mətbuatda yer alan bir başqa məlumatda isə qeyd olunurdu ki, vəhabilər birbaşa olaraq Azərbaycan Respublikasının Prezident administrasiyası tərəfindən himayə edilir. Hətta bu kimi xəbərlərin xarici mətbuatda yer aldığını söyləə bilərik. Onu da bildirək ki, istənilən halda sayları artıq 20 minə çatan və ideyalarına görə, bütün Azərbaycan xalqını şiə olması səbəbindən «kafir» elan edən vəhabilərin hansısa məmurun güvəncəsi altında olması faktdır.

Xatırladaq ki, keçən il Azərbaycanda səfərdə olan və vəhabiliyin mərkəzi kimi tanınan Küveyt dövlətinin elçiləri də rəsmi Bakını vəhabi məsələsində əməlli-başlı küncə sıxışdırmışdı. Və həmin elçilərin səfəri zamanı ictimaiyyət çox ilginc faktlarla da tanış olma yürsəti əldə etmişdi. Məlum olmuşdu ki, sən demə, vəhabilərin Azərbaycanda sərbəst fəaliyyəti üçün rəsmi Bakı hər il 200 milyon dollar civarında maliyyə alırmış. Yəni bu gün insanlarımızı hədəfə alan bu iyrənc təriqət heç də səbəbsiz yerə mövcud deyilmiş.

Xatırladaq ki, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən Milli Məclisə də baş çəkmişdi. Məlumata görə, nümayəndə heyətini Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayev qəbul etmişdi. Görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılsa da, əsas mövzu Əbü-Bəkr məscidinin fəaliyyətinin durdurulması ilə bağlı açılan müzakirələr olmuşdu.

Vəlid ət-Tabatabayi görüşdə təkcə bundan danışmayıb. Elə xəbərlərdə də bildirilirdi ki, o, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə biləcəyini də xüsusi olaraq vurğulayıb.

Əslində bu faktın özü çox ciddi məqamlardan xəbər verməkdədir. Söhbət Azərbaycanda fəaliyyətdə olan vəhabi icmalarının arxasında duran qüvvənin rəsmən özünü açığa çıxarmasından gedir. Çünki bu vaxta qədər Azərbaycan vəhabiləri ilə bağlı mətbuatda çox qaranlıq təəssüratlar var idi.

Əslində Vəlid ət-Tabatabayinin vəhabilərə bu şəkildə sahib çıxması həm də digər mühüm bir məqamı ortaya çıxarmış oldu. Məlum oldu ki, vəhabilər Azərbaycanda özbaşına deyillər və onların fəaliyyəti üçün rəsmi Bakının qeyri-rəsmi icazəsi var. Və elə buna görə də Vəlid ət-Tabatabayi hətta rəsmi Bakını şantaj edə biləcək səviyyədə mövqe ortaya qoyur.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, Vəlid ət-Tabatabayinin bu tonda danışığı səbəbsiz deyilmiş: «Küveyt dövlətinə aid xeyriyyə fondları tərəfindən Azərbaycan məmurlarına yaxın strukturlara il ərzində 200 milyon dollara yaxın pullar köçürülür».

Mənbəmizin açıqladığı bu faktın özü belə dəhşətli mənzərəni ortaya qoyur. Yəni əgər vəhabilər həqiqətən də Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyi hesab olunurlarsa, o zaman bu təhlükəyə şərait yaradan elə ayrı-ayrı məmurlardır. Əslində bu işin araşdırılmasına ehtiyac var.

Xatırladaq ki, Vəlid ət-Tabatabayi «Əbu-Bəkr» məscidinin bağlanmasından danışarkən bunları da söyləmişdi: «Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər», - deyə o qeyd edib.

Ç.Əsədullayev isə cavabında bildirmişdi ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: «Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərir».

Hər iki fikirdən də aydın olur ki, Azərbaycan tərəfi Küveyt qarşısında izahat verəcək səviyyədə məsuldur. Bu isə mənbəmizin söylədiklərinin bir növ təsdiqi kimi də qəbul edilə bilər.

Və belə bir şəraitdə Azərbaycan dövlətinin vəhabilər qarşısında aciz qalmasının sirrləri də aydın olur. Yəni bu gün əgər Azərbaycanın təhlükəsizlik qüvvələrinə qarşı vəhabilər silah sıxacaq qədər sərbəstdirlərsə, Azərbaycanın bir peşəkar MTN işçisini qətlə yetirəcək qədər arxayındırlarsa, deməli, bunun bir səbəbi var imiş.

Redaksiyamızı bilgiləndirən mənbənin son xəbərlərindən isə aydın olur ki, Gəncədə və bir çox bölgələrdə vəhabilərə qarşı keçirilmiş əməliyyatlara görə, rəsmi Bakıya Küveytdən qınaq da gəlib. Bu barədə mənbəmizin söylədikləri: «Küveyt dövləti adından Azərbaycana rəsmən məktub da ünvanlanıb və bu kimi əməliyyatların ölkələrarası münasibətlərə mənfi təsir edəcəyi də vurğulanıb».

Mənbəmiz bildirir ki, Azərbaycan XİN bu məktubu ictimailəşdirə bilməz: «Çünki bununla bir çox məmurlarımızın ayıbları üzə çıxmış olacaq və eyni zamanda həmin məmurlarla bağlı ölçü götürülməsinə ehtiyac yaranacaq. Bundan əlavə, Küveytlə münasibətlər rəsmən pozula bilər. Rəsmi Bakı isə bundan ehtiyatlanır».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt