Əsas Səhifə > Gündəm, Manşet > NÖVBƏTİ ANTİKORRUPSİYA “QURBANI” KİMDİR?

NÖVBƏTİ ANTİKORRUPSİYA “QURBANI” KİMDİR?


8-04-2012, 13:07
NÖVBƏTİ ANTİKORRUPSİYA “QURBANI” KİMDİR?

“AVROVİZİYA” TƏDARÜKÜNDƏ KORRUPSİYANIN OLMASI EHTİMALI VAR

DİA.AZ: - Hakimiyyət antikorrupsiya imitasiyasından imtina edə bilər. Bu barədə əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, “Avroviziya” yarışması ilə demokratik dünyaya müsbət impulslar ötürdüyünü zənn edən Bakı bu qəbildən olan addımlarını korrupsiyaya qarşı mübarizə müstəvisində inkişaf etdirməyi planlaşdırır.

DİA.AZ-a hökuaət içindəki qaynaqlardan ötürülən xəbərdə deyilir ki, əslində “Avroviziya” yarışması bir para məmurlar üçün korrupsiya fürsəti də yaradıb: “Məlumdur ki, bu tədarükə külli miqdarda pullar sərf edilməkdədir və bu vəsaitin əksər hissəsinin mənşəyi şübhəlidir. Eyni zamanda həmin pulların böyük partiyasının qeyri-şəffaf qayanaqlara söykənməsi səbəbindən burada “Avroviziya”dan çirkli pulların yuyulması üçün istifadə ehtimallarınınb yüksəkliyi də cəlbedicidir. Artıq bu məsələ hətta “Avroviziya” təşkilatçılarının da diqqətini cəlb edib və rəsmi Bakıya təftiş üçün müraciət olunub”.

Təbii ki, belə bir halın rəsmi Bakı üçün arzuolunmaz olduğunu bildirən mənbəmiz onu da bildirdi ki, rəsmi Bakı tədarük zamanı sərf olunan vəsaitlə və bu vəsaitin mənşəyi ilə bağlı hesabatı verməyə hazır olduğunu ifadə etməklə yanaşı, paralel surətdə bir səs-küylü antikorrupsiya əməliyyatı ilə üzərindəki şübhələri dağıtmağı da düşünür.

Mənbəmizə görə bir neçə məmura qarşı bu səbəbdən tədbir hazırlanır ki, bu sırada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun da adı yer alır.

Bildirək ki, əslində Qərib Məmmədov bu gün hakimiyyətin rüşvət zəncirində ən zəif bənd hesab olunur və onun “vurulması” üçün yetərincə münbit olan zəmin mövcuddur. Onun Komitə rəhbəri kimi hər gün yüzlərlə vədlərinə camaat artıq tab gətirə bilmir.

Aldığımız məlumatlara görə, vətəndaşların şikayət və narazılıqlarının qarşısını almaq üçün Torpaq və Xəritəçəkmə Komitəsi və onun sədri Qərib Məmmədov hədəfə alınıb. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəldən başlayaraq start götürən sıxışdırma prosesini başlayacaq yeni yoxlamalar əvəz edib.

Qeyd edək ki, ötən il hökumətin xüsusi komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətini araşdırmağa başlamışdı. Yoxlamaların əsas məqsədi Azərbaycanda dövlətə məxsus torpaqların durumunu aydınlaşdırmaq olub. Yoxlamanın gedişində çox ciddi pozuntuların üzə çıxdığı deyilir. Xatırladaq ki, bu məsələ hətta parlament tribunalarına qədər də yol tapdı və Qərib Məmmədov YAP-çı deputatlar tərəfindən bələdiyyələrə aid torpaqların qanunsuz olaraq satması ittihamına da tuş gəldi.

Mənbə bildirir ki, Azərbaycanda vahid torpaq kadastr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması layihəsi faktiki olaraq icra edilməyib. Komitənin sədri Qərib Məmmədovun fəaliyyəti layihənin icrasına imkan verməyib. Dövlətə məxsus xeyli torpaq sahəsi komitənin vasitəsi ilə mənimsənilib. Bundan başqa, ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı olaraq heç bir vahid plan mövcud deyil. Mənbə onu da deyir ki, komitə qanunsuz yolla əldə edilən torpaq sahələrinə qanuni don geyindirsə də, qanuni yolla torpaq əldə edənlərin hüquqlarını yalnız böyük məbləğli "şapka" almaq müqabilində tanıyır. Aldığımız məlumata görə, bütün bunlar və mətbuata sızdırılmayan digər faktlar hakim dairənin diqqətindən yayınmır. Ona görə də, artıq Qərib Məmmədovun ətrafında qara buludlar dolaşmaqdadır.

Bildirək ki, Qərib Məmmədovla bağlı addımların “Avroviziya” yarışmasından dərhal sonraya təadüf edəcəyi haqda da bilgilər almışıq.

Geri qayıt