Əsas Səhifə > Sosial, Manşet > SUMQAYITDA MİTİNQ ÖNLƏMƏSİ BAŞLADI

SUMQAYITDA MİTİNQ ÖNLƏMƏSİ BAŞLADI


7-04-2012, 12:47
SUMQAYITDA MİTİNQ ÖNLƏMƏSİ BAŞLADI

ELDAR ƏZİZOV İNDİDƏN YERLİ POLİSİ SABAHKI AKSİYAYA SƏFƏRBƏR EDİB

DİA.AZ: - Məlum olduğu kimi, sabah İctimai Palatanın təşkilatçılığı ilə Bakıda kütləvi etiraz aksiyası təşkil olunacaq. Artıq bir sıra yerlərdə sabahkı aksiyanın kütləviliyinin qarşısının alınması məqsədilə «ehtiyat» tədbirlərinin görülməsi barədə məlumatlar almışıq.

Məsələn, bildirilir ki, iri şəhərlərdən və xüsusən də Bakıya məsafəcə daha yaxın olan Sumqayıtdan müxalifətçilərin Bakıya gəlişinin əngəllənməsi yönündə yerli rəhbərliklər «yuxarıdan» təlimatlar alıblar. Artıq Sumqayıtda belə bir ajiotajın xəbəri yayılıb.
DİA.AZ-a Sumqayıtdakı mənbələrdən ötürülən məlumatlarda deyilir ki, icra başçısı Eldar Əzizov rəhbəri olduğu şəhərin sakinlərinin müxalifətin aksiyasında iştirakının əngəllənməsi məqsədilə xüsusi plan hazırlayıb:

«Bu gün axşam saatlarından etibarən Sumqayıtın giriş-çıxışı nəzarətə götürüləcək. Bunu isə guya ki, vəhabilərə qarşı bütün ölkə miqyasında cərəyan edən əməliyyatlarla əlaqələndirəcəklər. Halbuki hədəfdə müxalifətin sabahkı aksiyasının kütləviliyinin qarşısının alınmasıdır».

Mənbəmiz onu da bildirdi ki, hətta Sumqayıt sakini olan bir sıra müxalifətçilərin hərəkət trayektoriyaları da indidən sahə müvəkkilləri tərəfindən nəzarətə götürülüb.

Onu da qeyd edək ki, ayrı-ayrı hakimiyyət nümayəndələri İctimai Palatanın sabahkı aksiyasının kütləviliyini şübhəyə alan açıqlamalar verməkdədirlər. Məsələn, YAP-çı deputat Siyavuş Novruzov hətta dəqiq rəqəm də səsləndirib. Onun fikrinə görə, İP-in aksiyasına cəmi-cümlətanı 700-800 nəfər qatılacaq. Və belə görünür ki, YAP-çı deputat bu rəqəmi söyləyərkən mitinq önləməsi yönündə həyata keçirilən tədbirləri nəzərə alıb.

Geri qayıt