Əsas Səhifə > Cəmiyyət, Manşet > RÖVNƏQ ABDULLAYEVİN MÜƏMMALI PROJESİ
RÖVNƏQ ABDULLAYEVİN MÜƏMMALI PROJESİ6-04-2012, 17:45 |
ARDNŞ SƏHİYYƏDƏKİ UĞURSUZLUQDAN SONRA TƏHSİL SİSTEMİNƏ GİRİŞİB DİA.AZ: - ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı yeni kapital planı başlanmaqdadır. Azərbaycandan kənarda həm ofşor şirkətlər, həm də SOCAR brendi adı altında xeyli biznes işləri görən ARDNŞ rəhbərinə bu dəfə təhsil sistemi ilə bağlı yatırırımlar qoymaq tapşırılıb. DİA.AZ bildirir ki, bundan əvvəl ARDNŞ səhiyyə sistemi ilə bağlı eyni tapşırıq almışdı. Nəticədə xeyli sayda Müalicə Diaqnostika Mərkəzləri (MDM) tikildi və bu işi böyük məbləğdə neft pulları ayrıldı. Azərbaycanın regionlarında MDM-lərin tikintisinə böyük məbləğdə neft pullarının ölkəyə daxil olmasından sonra başlandı. 2003-cü ildən bu yana ARDNŞ 14 şəhər və rayonda təxminən eyni görkəmdə və ölçüdə belə tibb ocaqları tikib. Bu müəssisələr avadanlıqlarının çeşidlərinə və keyfiyyətinə görə dünyanın müasir xəstəxanaları ilə müqayisə edilir. Lakin belə görünür ki, regionlardakı MDM-lərin əksəriyyəti normal fəaliyyət göstərə bilmir, hətta bəziləri qapılarını xəstələrin üzünə bağlayıb. Bunu MDM-lərin tikildiyi rayonların 3-də apardığımız müşahidələr, araşdırmalar da təsdiq edir. Regionlardakı bu tibb müəssisələri arasında maliyyə tutumuna görə birinci yeri Şamaxıdakı MDM tutur. Ümumi sahəsi 9624 kvadratmetr olan bu tibb müəssisəsinin tikintisinə və avadanlıqlarla təchizatına 17 milyon 504 min manat xərclənib. Maliyyə tutumuna görə ikinci yerdə Bərdə (16 milyon 103,5 min manat), üçüncü yerdə isə Gəncə MDM (15 milyon 322,8 min manat) gəlir. Ümumilikdə isə ArDNŞ indiyədək ölkə ərazisində tikdiyi 12 MDM-in (Naxçıvan və tikilməkdə olan Tovuz MDM-ləri bura daxil deyil) inşasına 151 milyon 563,2 min manat vəsait xərcləyib. Maraqlıdır ki, böyük pullar sərf edilən MDM-lər tez bir zamanda sıradan çıxır. Məsələn, 2010-cu ilin əvvəlindən fəaliyyətə başlayan və tikintisinə 15,3 milyon manat xərclənən Gəncə MDM artıq təmirə dayanıb. Hazırda fəaliyyət göstərməyən bu tibb müəssisəsində əsas təmir və yenidənqurma işləri ikinci və üçüncü mərtəbələrdə aparılır. Nəhayət, 151,5 milyon manata başa gələn MDM-lərin əhaliyə göstərilməli olan səhiyyə xidmətlərində yararsızlığını Dövlət Statistika Komitəsinin məlumatları da təsdiqləyir. Komitənin rəsmi saytındakı statistik cədvəllərə əsasən, ölkə üzrə bütün xəstəliklərdən ölənlərin sayı 2000-ci ildə 46701 nəfər olduğu halda 2008-ci ildə bu göstərici 52710-a, 2010-cu ildə 53580-ə yüksəlib. Xəstəliklər arasında ölüm halları daha çox müşahidə olunanı isə qan-damar sistemi xəstəlikləridir. 2000-ci ildə bu xəstəlikdən 26205, 2005-ci ildə 29392, 2010-cu ildə isə 32554 nəfər dünyasını dəyişib. Bu uğursuzluqdan sonra MDM-lər ARDNŞ-dən alınaraq səhiyyə sisteminə verildi. İndi isə belə çıxır ki, R.Abdullayevə məktəb tikintisi tapşırılıb. Bir neçə gün öncə Bakının Bibiheybət qəsəbəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə «Bakı İstedadlar Məktəbinin» təməlqoyulma mərasimi keçirilib. Rəsmən açıqlanmasa da 1200 şagirdlik məktəbdə məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək təhsil ocağının tikintisinin ARDNŞ-in üzərinə qoyulduğu güman edilir.. Artıq məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağin bu ildən qəbulu nəzərdə tutulub. Məktəbdə bağça və məktəbqədər təhsil bölməsi üzrə dərslər bu ilin sentyabr ayında, ibtidai və orta bölmələr üzrə dərslər isə gələn ilin sentyabrında başlayacaq. İngilis sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək məktəb kompleksi 70 sinif otağı müasir zəruri avadanlıqlarla təchiz olunacaq. Məktəbin direktoru Qrem Pollok bildirib ki, rəhbərlik edəcəyi tədris müəssisəsi digərlərindən fərqlənəcək. Tədris həm Azərbaycan, həm də ingilis dilində olacaq. Diaqnostika mərkəzləri ilə bağlı da eyni optimist bəyanatlar verilirdi. Nəticə göz qabağındadır. Geri qayıt |