Əsas Səhifə > Ölkə, Manşet > ETİBAR ƏLİYEVİN MAXİNASİYALARI İFŞA OLUNUR

ETİBAR ƏLİYEVİN MAXİNASİYALARI İFŞA OLUNUR


6-04-2012, 16:05
ETİBAR ƏLİYEVİN MAXİNASİYALARI İFŞA OLUNUR

«TEXNİKABANK»IN MƏKBUS ŞEFİ İLƏ BAĞLI ŞOK FAKTLAR ÜZƏ ÇIXIR

DİA.AZ: - Məlum olduğu kimi, Etibar Əliyev bir müddət öncə, daha dəqiq desək, martın 7-də çirkli pulların yuyulmasında şübhəli bilinərək Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Əslində, bankın Müşahidə Şurasının sədrinin həbsi məsələsi hələ bir neçə il öncə «Texnikabank»ın Bakı filialında 10 milyon manatlıq yeyinti faktı aşkarlanan zaman gündəmə gəlmişdi. Həmin vaxt Bakı filialının rəhbərliyində təmsil olunan bir neçə şəxs həbs olunsa da, Etibar Əliyev kimlərinsə köməkliyilə həbsdən yaxa qurtara bilmişdi. Bu dəfə isə onun əməlləri, yol verdiyi nöqsanlar o qədər böyük və genişmiqyaslı olub ki, heç himayədarları belə, Etibar Əliyevə kömək edə bilməyiblər. Və nəticədə martın 10-da o, Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edildi.

Gün keçdikcə «Texnikabank» ASC-nin məsələsi bir qədər də qəlizləşir və bu işdə müəyyən qaranlıq məqamların olduğu üzə çıxır. Belə ki, bankla və onun ətrafında cərəyan edən proseslərlə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olur ki, «Texnikabank» rəhbərliyi ayrı-ayrı vaxtlarda böyük maliyyə maxinasıyalarına, hətta çirkli pulların yuyulmasına belə, şərait yaradıb. İndiyədək bankın rəsmiləri müxtəlif yollarla onları gözləyən fəlakətdən yaxa qurtara bilsələr də, bu dəfə «Texnikabank» Müşahidə Şurasının sədri Etibar Əliyev elə bir vəziyyətlə üz-üzə qalıb ki, çətin kimsə ona yardımçı ola bilsin.

Əksinə, indi ortaya «Texnikabank»ın fırıldaqlar silsiləsindən yeni məqamlar məqamlar ortaya çıxır. Məsələn, ötən ilin iyun ayında bank maliyyə xidmətlərinə «Forex» adlı yeni xidmət əlavə etdi. O zaman bank rəsmiləri daha çox imkanlı şəxslərin cəlb olunması və bu yolla milyonlarla gəlir əldə etməkdən ötrü «Forex» haqda yalnız öz maraqlarına cavab verən məlumatları ictimaiyyətlə bölüşürdü. Bir sözlə, «Texnikabank» rəhbərliyi təcrübəsiz, lakin böyük kapitala sahib olanlarla real razılaşma əldə etmək üçün ancaq sözügedən xidmətin üstünlüklərini təqdim ediblər. Odur ki, yalnız sonda, yəni təhlükəli məqam yetişdikdə qarşı tərəf anlayır ki, bu xidmətdən istifadə də yalnız bir tərəf risk edir - müştəri. Bank isə istənilən halda öz xeyrini götürür.

«Texnikabank»ın «Forex» əməliyyatı ilə bağlı əldə etdiyimiz məlumatlar bununla bitmir. Məsələ ilə bağlı DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, bu işdə bankın Müşahidə Şurasının sədri Etibar Əliyevin bir neçə şəriki olub. Və onlar vətəndaşları aldatmaq yolu ilə külli miqdarda gəlir əldə ediblər. Əvvəllər «Hyatt regency» otelində fəaliyyət göstərən «Forex» şirkətində iş adamlarına faizlə pul verirdilər. Və guya birjalarda pul qazanırlar. Mənbənin sözlərinə görə, əlində kapitalı olan vətəndaşların «Forex»ə cəlb olunması işinə Etibar Əliyev şəxsən rəhbərlik edib: «Belə ki, o, bildirib ki, bizim də orada külli miqdarda pulumuz var. Odur ki, narahat olmağa dəyməz. Bura çox güvənlidir».

Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, bir qrup əmanətçi Etibar Əliyevin həbsindən sonra bankdakı pullarını geri tələb etsələr də, onların vəsaitlərini verən yoxdur: «Əmanətçilər illərlə yığdığı vəsaiti «Texnikabank»a əmanət qoyaraq, bu pullar hesabına vəd olunan faizi almaqla dolanmaq niyyətində olublar. Lakin indi Etibar Əliyev həbs olunduqdan sonra əksəriyyət pullarının batacağı qorxusuna düşərək vəsaitlərini geri qaytarmaq istəyirlər. Lakin bank rəhbərliyi əmanətçilərin vəsaitlərini geri qaytarmaqda maraqlı görünmədiyindən, vətəndaşlar çıxılmaz vəziyyətdə qalıblar.

Əldə etdiyimiz məlumatlarda Etibar Əliyevin varidatına da aydınlıq gətirilib. Belə ki, bu barədə məlumat verən mənbə qeyd edir ki, onun Şimali Kipr Türk Cümhuriyyətində 20 milyon dəyəri olan və birinci mərtəbəsində kazino yerləşən nəhəng oteli, Türkiyədə Boğazda dəniz mənzərəli iqamətgahı, Antalyada, Bodrumda villaları var: «Həmçinin onun İstanbulda «Opera» oteli, Novxanıda «Olimpik» oteli, şəhər bağlarının yanında 11 mərtəbəli otel, «Texnikabank»a bitişik içərisində bahalı mebeller satılan «Armani» mebel salonu, Teymur Əliyev küçəsində 4 ulduzlu «Sinray» oteli, Həsən Əliyev küçəsində «Kral» şadlıq sarayı ilə üzbəüz 6 mərtəbəli ofis binası var. Deyilənlərə görə, Etibar Əliyev həmin binanın hər mərtəbəsini 5 min manata icarəyə verib. Etibar Əliyevin sərvəti bunlarla bitmir. Onun Babək propektində 22 mərtəbəli binası, Həsən Əliyev küçəsində «Kəpəz» mebel salonu ilə yanbayan ofis binaları, Dövlət Statistika Komitəsinin yaxınlığında «Texnikabank»ın keçmiş binasının yerində restoranı, Ukrayna dairəsində «Əhmədli» metrostansiyasının üstündə 4 min kvadratmetrlik ticarət mərkəzi, Xətai rayonunda 16 ədəd 19 mərtəbəli binası var.»

Məsələ ilə bağlı əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Etibar Əliyevin həbs edilməsinə səbəb «Texnikabank»ın Bakı filialının həbsdə olan rəhbəri Zal Yusifovun danışması olub. Belə ki, Zal Yusifov ifadəsində müştərilərin milyonlarla vəsaitinin mənimsənilməsində Müşahidə Şurasının sədrini ittiham edib. Mənbənin sözlərinə görə, Zal Yusifov qeyd edib ki, «Texnikabank»da əmanət yerləşdirən əmanətçilərlə heç bir əlbirliyi olmayıb: «Onun sözlərinə görə, bu pulların yığılması barədə biznes yaratmaq fikri olmayıb və müştərilərin banka qoyduqları pul qanuni sənədləşdirilib. Bu aiddir 2004-cü ildən 2007-ci ilin sonuna qədər qoyulmuş pullara. Zal Yusifov həmin pulların ümumi məbləğinin təxminən, 7 milyona qədərini bankın Müşahidə Şurasının sədri Etibar Əliyevə ayrı-ayrı zamanlarda verib. Zal Yusifovun bildirdiyinə görə, əgər həmin sənədlər kredit qovluğunda yoxdursa, onda necə olur ki, hər il beynəlxalq auditor tərəfindən aparılmış yoxlamalarda öz əksini tapıb. Eyni zamanda, banka daxil olan pullar qeydiyyat jurnalında da qeyd olunub. Qanuna əsasən 5 min manatdan yuxarı məbləğdə verilən kreditlər baş bankın razılığı əsasında verilib. Başqa cür mümkün deyil. Həmin pulları Müşahidə Şurasının sədri Etibar Əliyev Zal Yusifovdan alan vaxtı bildirib ki, o, Türkiyədə otel və binalar tikdirir, bu pulları da ora yönəldir. Etibar Əliyev 2-3 il ərzində bu pulları geri qaytaracaqdı və kreditlər bağlanacaqdı. Ona görə də həmin kreditlərin faizlərinin əhaliyə ödənilməsi üçün banka yeni əmanətçilər cəlb olunub».


Geri qayıt