Əsas Səhifə > Cəmiyyət > “AZƏRBAYCAN ÜSYANA SÜRÜKLƏNİR”

“AZƏRBAYCAN ÜSYANA SÜRÜKLƏNİR”


5-04-2012, 15:15
“AZƏRBAYCAN ÜSYANA SÜRÜKLƏNİR”

“KÜR” QƏRARGAHI SABİRABAD OLAYLARINA REAKSİYA VERDİ

2010- cu il Kür daşqınlarının təsirinə məruz qalmış Sabirabadın Minbaşı kənd sakinlərinin 03- 04 aprel 2012- cildə keçirdikləri etiraz aksiyası ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı
Bəyanatla çıxış edib. DİA.AZ redaksiyasına daxil olan bəyanatda deyilir:

“2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarından 2 ilə yaxın vaxt keçir. Təəssüflə qeyd etmək lazımdır ki, ötən müddət ərzində daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində dövlət büdcəsindən xeyli vəsait ayrılmasına və zaman keçməsinə baxmayaraq fəlakətin törətdiyi problemlərin bir çoxu həll olunmamış qalır. Hazırda yüzlərlə insan dövlət yardımından məhrum olub, evi qəzalı vəziyyətdədir. Daşqın bölgəsində yaşayan əksər insanlar yaz qabağı torpağı əkib becərmək üçün sərfəli kredit, texnika, işçi qüvvəsi, toxum və s. problemlərlə üzləşiblər. Təbii ki, problemlərin yaranma səbəbi 2010- cu ilin yazında baş vermiş daşqınlarla yanaşı bir çox dövlət qurumlarının öz üzərlərinə düşən işləri lazımınca və vicdanla yerinə yetirməmələri, məmur səhlənkarlığı, məsuliyyətsizliyi və ən əsası ölkəni ağuşuna almış korrupsiyanın, ədalətsizliyin, qanunsuzluğun baş alıb getməsidir. Təəssüflə qeyd etmək lazımdır ki, problemlərin aradan qaldırılması istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsi, əhəmiyyətli qərarların qəbulunda və icrasında, eləcə də ayrılan vəsaitlərin xərclənməsində ictimai iştirakçılığın təmin olunması ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının hökümətə yönəlik irəli sürdüyü bir çox təkliflər indiyə qədər qulaqardına vurulub. Məhz bunun nəticəsi olaraq üzləşdikləri problemlərin həllində dövlət qurumlarından lazımi dəstək görməyən fəlakətin təsirinə məruz qalmış sakinlər müxtəlif etiraz tədbirlərinə əl atırlar.

03- 04 aprel 2012- ci ildə Sabirabad rayonunun Minbaşı kənd sakinlərinin keçirdiyi aksiyalar da sakinlərin bildirdiyi kimi Kür daşqınlarının törətdiyi problemlərin bu günə qədər həll olunmaması və onlara çatası kompensasiyaların mənimsənilməsi, evlərinin tikilməsində ayrı- seçkiliyə və korrupsiya hallarına yol verilməsinə etiraz əlaməti olaraq keçirilib. Təəssüf doğuran haldır ki, vətəndaşların bir sıra dövlət qurumlarına və məmurlara qarşı irəli sürdüyü konkret korrupsiya ittihamlarının araşdırılıb, günahkarların qanun çərçivəsində cəzalandırılması əvəzinə hakimiyyət orqanları güc strukturlarının imkanlarından istifadə edərək insanların sərbəst toplaşmaq hüquqlarını pozmuş, iştirakçılara qarşı fiziki zor tətbiq etmişdir. Təzyiqə məruz qalanlar içində həbs olunanlar və ciddi bədən xəsarəti alaraq xəstəxanaya düşənlər olub.

Digər təəssüf doğuran hal ondan ibarətdir ki, “Kür” Vətəndaş Cəmiyyətinin dəfələrlə təkidli tələblərinə baxmayaraq hökümət və əlaqədar qurumlar Kür Araz daşqınları ilə bağlı ayrılan 327 milyon manat vəsaitin xərclənməsi, kimlərə hansı həcmdə kompensasiyaların verilməsi, evlərin tikintisinə sərf olunan vəsaitlərlə bağlı indiyə kimi hər hansı hesabat təqdim etməyib. Sözdə şəffaflıqdan, hesabatlılıqdan, qanunçuluqdan, ictimai iştirakçılığın təmin olunmasından dəm vuran bəzi dövlət qurumları təəssüf ki, əməldə və fəaliyyətdə bunun tam əksini edirlər. Bu da təbii olaraq insanlarda haqlı narazılığın, etirazın artmasına səbəb olur ki, sonda cana doymuş insanlar müxtəlif aksiyalara əl atırlar. Bu gün Azərbaycan barıt çəlləyinə bənzəyir. Bir sıra məmurların və dövlət qurumlarının məsuliyyətsiz, laqeyd, qanunsuz hərəkətləri, korrupsiya və rüşvətə hərisliyi ucbatından Azərbaycan insanı sankı zorla üsyana, inqilaba sürüklənir. Bu vəziyyət Kür Araz daşqınları bölgəsində daha kritik, daha təhlükəlidir.

2010- cu il daşqınlarının təsirinə məruz qalmış Kür Araz ətrafı bölgədə son iki ildə mütamadi olaraq davamlı, sistemli şəkildə fəaliyyət göstərən, insanlarla daha yaxından təmas qurmuş, onları narahat edən problemləri yaxından izləyən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq höküməti bir daha bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməyə çağırırıq. Daşqının təsirinə məruz qalan insanları dinləməyə, onların probemlərinin həll olunmasına, ədalətli kompensasiyaların verilməsinə, qəzalı evlərə baxış zamanı obyektivliyin qorunmasına, bu proseslərdə ictimai iştirakçılığın təmin olunmasına, eləcə də əkin- biçinlə, heyvandarlıqla məşğul olan insanlara maddi və mənəvi dayaq durmaq üçün əlavə tədbirlərin görülməsinə, regionun inkişafı üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ciddi ehtiyac var. Bu tədbirlərin görülməməsi həm insanların problemlərinin, həm də onların etirazlarının artmasına və idarə olunmaz vəziyyətə gəlib çıxmasına səbəb ola bilər”.


Geri qayıt