Əsas Səhifə > Hadisə > ERMƏNİLƏR QƏBƏLƏ RLS-İ ƏLƏ KEÇİRMƏK İSTƏYİR...

ERMƏNİLƏR QƏBƏLƏ RLS-İ ƏLƏ KEÇİRMƏK İSTƏYİR...


4-04-2012, 14:50
ERMƏNİLƏR QƏBƏLƏ RLS-İ ƏLƏ KEÇİRMƏK İSTƏYİR...

YOXSA MOSKVA BAKINI ŞANTAJ EDİR?

Ermənistanın baş naziri Tiqran Sarkisyan Moskvanın “Kommersant” qəzetinə müsahibəsində Qəbələdəki “Dəryal” tipli radiolokasiya stansiyasının inşası üçün Ermənistanın öz ərazisini verməyə hazır olduğunu təsdiqləyib.

Əgər Azərbaycanla Rusiya Qəbələ RLS-in icarə şərtlərinə dair razılığa gəlməsələr, Ermənistan bu cür stansiyanın öz ərazisində tikilməsinə icazə verəcəkmi sualının cavabında Sarkisyan deyib: “Niyə də verməsin? Əgər bizim ərazimiz belə maraq kəsb edirsə, biz bu məsələni müzakirə etməyə hazırıq. Zənnimcə, burada hətta üstünlük də ola bilər, çünki Ermənistan dağlıq ölkədir. Əhatə geniş ola bilər”.

Bundan əvvəl RLS-in Azərbaycandan Ermənistana köçürülməsinə Rusiya Baş Qərargahının idarələrindən birinin keçmiş rəisi general İvaşov da toxunub. O, hətta stansiyanın inşası üçün yeri də göstərib – Araqats dağını (4042 metr).

Bu müsahibəni Qəbələ RLS-in icarəsinə dair müqavilənin uzadılmasına Bakını razı salmaq üçün Moskvanın dolayısı ilə təzyiqi hesab etmək olar. Belə ki, Bakı icarə haqqının qiymətinin ildə 7 milyon dollardan 300 mln. dollara kimi artırılmasını tələb edib. Lakin Moskva bu məbləği şişirdilmiş hesab edir.

Eyni zamanda Ermənistanda yeni RLS-in inşası daha baha başa gələcək və buna bir ildən çox vaxt gedəcək. Lakin ən başlıcası odur ki, bu, Bakı və Moskva arasında münasibətlərin soyuqlaşmasına səbəb ola bilər. Rusların Qəbələdən çıxmasının ardınca İran tərəfdən təhlükədən qorunmaq məqsədilə Azərbaycanda NATO obyektləri görünə bilər.

Xatırladaq ki, Qəbələ RLS Aralıq dənizindən Hind okeanına kimi ərazidə ballistik raketlərin izlənməsi üçün nəzərdə tutulub. Obyekt 80-ci illərin sonlarında tikilib.


Geri qayıt