Əsas Səhifə > Cəmiyyət > “BU NECƏ DÖVLƏTDİR Kİ, ƏSGƏRİNİN QANINI BATIRIR?”

“BU NECƏ DÖVLƏTDİR Kİ, ƏSGƏRİNİN QANINI BATIRIR?”


2-04-2012, 15:50
“BU NECƏ DÖVLƏTDİR Kİ, ƏSGƏRİNİN QANINI BATIRIR?”

ƏSGƏR VALİDEYNLƏRİ ETİRAZA QALXDI

Azərbaycan Silahlı Qüvvələrində qulluq edərkən dünyasını dəyişmiş bir qrup əsgərin valideynləri aprelin 2-də ali baş komandan İlham Əlievə, Milli Məclis rəhbərliyinə və Konstitusiya Məhkəməsinə müraciət edib. “Milaz.info” portalının məlumatına görə, müraciətdə deyilir: “Biz, 2011-ci il fevralın 20-də Azərbaycan Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən hərbi hissəsində baş vermiş hadisə zamanı vətənə qurban verdiyimiz 7 əsgərin valideyni bəyan edirik ki, Hərbi Prokurorluğun övladlarımızın adına qara yaxmaq cəhdləri Azərbaycan əsgərini və bayrağını təhqir etmək deməkdir. Biz Hərbi Prokurorluğun apardığı istintaqın nəticələrini qəbul etmirik. Bu hadisə ilə bağlı aparıldığı deyilən məhkəmə proseslərinin faciəyə heç bir aidiyyəti olmadığını bəyan edirik.

Biz öz vətənpərvər övladlarımızı sağ-salamat, 18 yaşında Silahlı Qüvvələrə - dövlətə verdik. Bu necə dövlətdir, necə idarəçilik üsuludur ki, öz əsgərinin ölümünün əsl səbəbini gizlədir? Əsgərinin adına ləkə yaxır və əsgərinin qanını batırır? Dövlət öz əsgərlərinin həm dirisinə, həm də ölüsünə sahiblik etməlidir”.

Müraciətə Cavadova Rəsmiyyə Əli qızı, Quliyev Fəxrəddin Bayramqulu oğlu, Xocberov Abdulla Ramazan oğlu, Kərimov Yaşar Cərulla oğlu, Hüseynov Əhmədəli Məhəmmədəli oğlu, Quliyev Etibar Əbdürəhman oğlu imza atıblar. Onlar bir müddət əvvəl vəfat etmiş Suanverdiyev Radfel Xudu oğlunun da adından müraciət ediblər.

Qeyd olunur ki, müraciəti Məmmədova Aynur İbad qızı (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Sadiq Məmmədovun anası), Əzizov Bəyalı Köçalı oğlu (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Elxan Əzizovun atası), Novruzov Qədir Novruz oğlu da (2011-ci ilin sentyabrında hərbi hospitalda dünyasını dəyişmiş Eldar Novruzovun atası) dəstəkləyir.

2011-ci il fevralın 20-də Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Göygöl rayonundakı hərbi hissəsində 7 əsgər həlak olub. İstintaqın açıqlamasına görə, əsgərlərdən biri - Quliyev Zakir Etibar oğlu hərbi hissədə əsgər yoldaşları Quliyev Naib Fəxrəddin oğlu, Cavadzadə Cavid Vəkil oğlu, Suanverdiyev Nurlan Radfel oğlu, Xocberov Ramazan Abdulla oğlu, Kərimov Əfqan Yaşar oğlu və Hüseynov Əhməd Əhmədəli oğlunu avtomat silahla öldürüb, daha sonra isə özünü öldürüb. Zakir Quliyev Yasamal Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. İstintaqın gəldiyi qənaətə görə, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Nurlan Suanverdiyev Zakir Quliyevi incidib, ona qarşı zorakılıq törədib. Başqa əsgərlər buna görə Zakir Quliyevə pis münasibət bəsləyib. İddia olunur ki, Zakir Quliyev qətli və intiharı bu səbəbdən törədib.


Geri qayıt