Əsas Səhifə > Hadisə > BAŞÇINI DÖYƏNƏ CİNAYƏT İŞİ AÇILDI

BAŞÇINI DÖYƏNƏ CİNAYƏT İŞİ AÇILDI


29-03-2012, 14:11
BAŞÇINI DÖYƏNƏ CİNAYƏT İŞİ AÇILDI

ARADA BIÇAQ MƏSƏLƏSİNİN OLDUĞU DA İDDİA EDİLİR

Martın 28-də Xaçmaz sakini Təranə Həbibovanın yaşayış evinin pəncərəsindən özünü atması faktı üzrə CM-in 25-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi qaldırılıb. Bu barədə Turan-a Xaçmaz rayon prokuroru Yusif Cəlilli məlumat verib.

Prokuror həmçinin bildirib ki, mərhum qadının bacı və qardaşı icra başçısına, onun müavinlərinə, polisə hücum çəkdiyinə, onları döydüyünə, hətta bıçaqla xəsarət yetirməyə cəhd etdiklərinə görə onların barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Öz növbəsində T.Həbibovanın qardaşı Cavid Həbibov Turan-a bildirib ki, icra başçısı Şəmsəddin Xanbabayevi vurub və bunun cavabında döyülüb. Onun qabırğası çatlayıb, kəllə-beyin xəsarəti alıb.

“Bacımın intihar xəbərini eşidəndə şoka düşdüm, nə edəcəyimi bilmirdim. İcra Hakimiyyətinə gedərək icra başçısı Şəmsəddin Xanbabayevi vurdum. Bundan sonra onun müavinləri Yetkin Mehmanov, Azər Haqverdiyev, Akif Mərdanov, köməkçisi Fuad və sürücüsü məni təpik və yumruqla bərk döydülər”, - o bildirib.

Xatırladaq ki, 49 yaşlı Təranə Həbibovanın intihar etməsinə yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti səbəb olub. Həbibovlar ailəsi dəfələrlə mətbuat konfransı keçirərək bildiriblər ki, hüquq-mühafizə orqanları onların anası N.Həbibovanın qətlini qəsdən araşdırmır. N.Həbibova 2010-cu il noyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib.

Həbibovlar bildiriblər ki, rayona Şəmsəddin Xanbabayev rəhbərlik etdikdən sonra ailəyə təzyiqlər edilib.

Geri qayıt