Əsas Səhifə > Sosial, Manşet > RƏSMİ BAKIDAN İRANA SƏRT ZƏRBƏ

RƏSMİ BAKIDAN İRANA SƏRT ZƏRBƏ


29-03-2012, 13:14
RƏSMİ BAKIDAN İRANA SƏRT ZƏRBƏ

AZƏRBAYCANIN TEHRANLA ORTAQ METAL BİZNESİNƏ SON QOYULDU

DİA.AZ: - İran ətrafındakı beynəlxalq mühasirə dalğası getdikcə daralır. Son olaraq martın 23-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilmiş Avropa Birliyi (AB) xarici işlər nazirlərinin toplantısında İranın 18 fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiya tətbiq edildi. Sanksiya tətbiq olunanlar arasında iranlı nazir, Ali Məhkəmənin sədri, ayətullahın da adı var.

Qeyd edək ki, AB-nin son qərarı ilə sanksiyaya məruz qalmış İranın fiziki və hüquqi şəxslərinin sayı 79 nəfərə çatıb. Sanksiyaya görə, insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandırılan həmin şəxslərin AB ölkələrinə girişi qadağan edilib, eləcə də onların Avropadakı bank hesabları dondurulub. Bundan əlavə, İrana telefon zənglərinə qulaq asmaq, internet-trafikə nəzarətə imkan verən qurğuların və proqramların satışı da qadağan edilib. Eyni zamanda bu il yanvarın 23-də əldə olunmuş razılaşmaya əsasən, İrandan neft və neft məhsullarının alınmasının məhdudlaşdırılması, İran Mərkəzi Bankının aktivlərinin dondurulması da tədbirlər paketində əksini tapıb. Onu da əlavə edək ki, AB-yə üzv ölkələr bu il iyulun 1-nə qədər İrandan neft almağı tam dayandırmalıdır.

Rəsmi Bakı dəfələrlə cənub qonşusuna qarşı yönələn hücumlardan kənar durduğunu bildirsə də son hadisələr Azərbaycanın neytrallığı qoruyub saxlamasının mümkünsüzlüyünü göstərir. Ötən həftənin əvvəllərindən başlayaraq Azərbaycandan İrana metal qırıntısının daşınması dayandırılıb. DİA.AZ-a verilən məlumata görə, İrana satılan metal qırıntılarının tədarükü ilə ölkənin ən böyük metal istehsalçısı «Baku Steel Company» məşğul olub və şirkət artıq bu işi dayandırıb.

Bəzi mülahizələrə görə, Azərbaycan İrana metal ixracını bu ölkəyə qarşı sərtləşən beynəlxalq sanksiyalara uyğun olaraq dayandırıb. İranın Azərbaycandan aldığı metal qırıntılarını əsas etibarilə milli müdafiə sənayesində istifadə etdiyi də istisna olunmur.


Geri qayıt