Əsas Səhifə > Siyasət, Manşet > "AZƏRBAYCAN"IN «BAŞSAĞLIĞI BİZNESİ»

"AZƏRBAYCAN"IN «BAŞSAĞLIĞI BİZNESİ»


29-03-2012, 12:46
"AZƏRBAYCAN"IN «BAŞSAĞLIĞI BİZNESİ»

BİR AY ƏRZİNDƏ MİLLİ MƏCLİSİN ORQANI 33600 MANATI NECƏ ƏLDƏ EDİR?

DİA.AZ: - Hakim mətbuatın müxtəlif qaynaqlar hesabına maliyyələşməsi hər kəsə məlumdur. Bu maliyyə qaynaqları içində rəsmən ötürülən pullar da var, qeyri-rəsmi olaraq çatdırılanı da. Doğrudur, hazırda bu mətbuatda daha çox diqqətçəkəni abunə məsələsidir ki, «pripiska» yolu ilə rəsmi mətbuata büdcə təşkilatlarında çalışanların abunə edilməsi hesabına həmin qəzetlərin tirajları süni şəkildə şişirdilir. Amma bu halda belə onların tirajlarının ən çox satılan müxalif və müstəqil yönümlü qəzetlərdən geri qalması hər kəsə aydındır.

Onu da bildirək ki, rəsmi mətbuatın gəlir yerlərindən biri də reklam sahəsidir. Əslində, normalda bütün mətbu orqanlar üçün reklam bazarı əsas maliyyə qaynağı kimi nəzərdə tutulmalıdır. Amma bizdə siyasi səbəblər ucundan müxalifyönlü və müstəqil mövqeli mətbuatın reklam baxımından çox ciddi problemləri var. Və demək olar ki, sözügedən qəzetlər reklam bazarında cüzi olsa belə, paya malik deyillər.

Xatırladaq ki, statistikaya görə, ümumiyyətlə, KİV üçün nəzərdə tutulan reklam bazarında qəzetlərin iştirakı da çox azdır. Rəqəmlərə görə, illik olaraq cəmi 2 faizlik pay çap mətbuatına aid olur və yerdə qalan həcm isə elektron KİV-ə aiddir.

Amma bizim müzakirə edəcəyimiz məsələ heç də bu deyil. Söhbət rəsmi qəzetlərin, konkret olaraq isə Milli Məclisin rəsmi orqanı olan «Azərbaycan» qəzetinin BAŞSAĞLIĞI BİZNESİNDƏN gedir. Bəlkə də bəziləri üçün bu məsələ heç də böyük bir qazanc ünvanı kimi görünməyə bilər. Amma əslində bu «biznes» sözügedən mətbu orqana külli miqdarda pul qazandırır.

DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, gün ərzində bu qəzetdə ən pis halda 70 başsağlığı gedir. Məlumdur ki, ayrı-ayrı orta və kiçik ranqlı məmurlar hansısa tanınmışa başsağlığı vermək üçün sıraya düzülürlər ki, hətta öyrəndik ki, bu səbəbdən «Azərbaycan» qəzetində hətta «başsağlığı zaqonu» da əmələ gəlir.

Başsağlığının birinin dərci isə həmin qəzetdə ən azından 20 manata başa gəlir. Hətta daha samballı vəzifələrdə çalışan məmurlar bir başsağlığına görə, qəzetə 200 manat pul da ödəyirlər. Biz isə bir başsağlığının qiymətini 20 manatdan götürürük və məlum olur ki, qəzetin təkcə «başsağlığı biznesi»ndən bir günlük qazancı 1400 manat pul edir. Həftə ərzində 6 gün çıxan «Azərbaycan» qəzetinin bir həftəlik qazancı isə 8400 manat edir ki, bu da aylıq olaraq ən azından 33600 manat pul edir ki, bu məbləğin də xırdalığını kimsə iddia edə bilməz. Onu da bildirək ki, burada hələ «itmişdir» və digər elanları nəzərə almırıq və həmin sahədən də sözügedən mətbu orqanın bir ay ərzində xeyli qazanc əldə etdiyini öyrənə bilmişik.

Hər halda, kifayət qədər təminatlı olan «Azərbaycan» qəzetindəki «başsağlığı biznesi»ndən əldə olunan vəsaitin işçilər arasında bölünmədiyi də aydın olan məsələdir. Yəni bu qədər vəsait qəzet rəhbərliyinin əlini cibinə qoyaraq əldə etdiyi aylıq qazancdır…

Geri qayıt