Əsas Səhifə > Cəmiyyət, Manşet > OQTAY ŞİRƏLİYEVDƏN ÖZƏL SEKTORA TƏLƏ

OQTAY ŞİRƏLİYEVDƏN ÖZƏL SEKTORA TƏLƏ


27-03-2012, 16:58
OQTAY ŞİRƏLİYEVDƏN ÖZƏL SEKTORA TƏLƏ

SN-DƏ APTEK VƏ XƏSTƏXANALAR ÜÇÜN LİSENZİYA MAXİNASİYASI

DİA.AZ: - Əsasən ölkə paytaxtında fəaliyyət göstərən özəl tibb ocaqlarının əksəriyyətinin lisenziyasız fəaliyyət göstərdiyi və ya onların lisenziya müddətinin bitdiyi hər kəsə bəllidir. Bu barədə dəfələrlə araşdırmalar aparılıb və ciddi faktlar ortaya çıxıb. Dəfələrlə bu məsələ gündəmə gəldikdə Səhiyyə Nazirliyinin rəsmiləri hətta nazir səviyyəsində bildirib ki, mətbuat qaraguruhluq edir və guya bu məsələ tam nəzarətdədir.

Səhiyyə Nazirliyi tərəfindən yayılan son rəsmi məlumatlar da bir daha təsdiq edir ki, ölkədə hələ də lisenziyası olmayan tibb ocaqları fəaliyyət göstərir. Nazirliyin yaydığı məlumatlarda bildirilir ki, ölkədə xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyətilə məşğul olmağa görə cərimə sanksiyaları tətbiq edilib. Nazirliyin saytında yer alan rəsmi açıqlamaya inansaq ötən il ərzində Vergilər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi və ya əczaçılıq fəaliyyətilə məşğul olma ilə əlaqədar inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq 50-dən artıq şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Həmin faktlar Azərbaycan respublikasının Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilərək, İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsinə əsasən xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə cərimə sanksiyaları tətbiq edilib.

Lakin yenə də bu işlərdə qaranlıq məqamlar qalmaqdadır. Qəribədir ki, nazirlik yaydığı məlumatlarda lisenziyasız fəaliyyət göstərən tibb ocaqlarının heç birinin adını qeyd etməyib. Yəni ölkədə hansı özəl tibb ocağının qanuni və qanunsuz şəkildə fəaliyyət göstərdiyini heç kim bilmir. Vətəndaşlar hələ də müəyyənləşdirə bilmirlər ki, hansı tibb ocağında normal müalicə olunmaq olar.

Lakin bu məsələ ətrafında apardığımız qısa bir araşdırma nəticəsində ciddi faktlar ortaya çıxdı. Bu sahə üzrə məlumatlı olan etibarlı şəxs DİA.AZ-a bildirdi ki, Səhiyyə Nazirliyinin lisenziyası olmayan tibb ocaqlarının adını açıqlamamasının altında başqa maraqlar dayanır. Mənbə bildirir ki, nazirliyin bu məlumatı lisenziya vaxtı bitən və ya lisenziyası olmayan tibb ocağı rəhbərlərinə bir mesajdır. Daha doğrusu, həmin klinikaların adlarının çəkilməməsi gələcəkdə onların hər hansı şəkildə lisenziya almasına bir işarədir.

Mənbə bildirir ki, böyük və ya kiçikliyindən asılı olmayaraq, özəl tibb ocağına lisenziyanın alınması 500 min manata başa gəlir. Bu pulu verməyən tibb ocağına isə ümumiyyətlə, lisenziya verilmir və onun fəaliyyəti sual altına düşür. Mənbənin sözlərinə görə, yoxlamalar nəticəsində lisenziyası olmayan özəl tibb ocaqları paytaxtda kifayət qədər tanınan və insanların ən çox müraciət etdiyi klinikalardır. Onların adlarının açıqlanması nazirliyin özünə də xeyir gətirməz.

Nazir Oqtay Şirəliyevin məsələyə münasibətinə gəldikdə isə, nazir bu işi yaxın adamlarından birinə həvalə edib. Daha doğrusu, həmin etibarlı şəxs lisenziya almaq istəyən tibb ocağı rəhbərlərini Oqtay Şirəliyevlə görüşdürür və bütün sənədlərin hazırlanmasında yaxından iştirak edir.


Geri qayıt