Əsas Səhifə > Siyasət, Manşet > YENİ SİYASİ PARTİYA YARANA BİLƏR

YENİ SİYASİ PARTİYA YARANA BİLƏR


27-03-2012, 13:37
YENİ SİYASİ PARTİYA YARANA BİLƏR

ARTIQ BUNUNLA BAĞLI MÜƏYYƏN ADDIMLAR ATILIB; KONKRET PLAN VAR

DİA.AZ: - Bir müddət əvvəl, daha dəqiqi keçən il belə bir məlumat yayılmışdı ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni siyasi təşkilat yaradır və hətta bu təşkilat keçən ilin sonlarına yaxın elan da olunmalı idi. Lakin bu xəbər təsdiqini tapmadı. Amma verilən məlumatlardan aydın oldu ki, əslində FHN şefinin həqiqətən də belə bir niyyəti olub və konkret şəxslər, həmçinin nazirin oğlu Tale Heydərov da bu yöndə ciddi fəaliyyətə keçib.

Lakin Heydərovun siyasi təşkilat yaratma niyyətindən vaz keçmədiyi də anlaşılır. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbələr iddia edirlər ki, Kəmaləddin Heydərov hər zaman bir təzyiq rıçaqı kimi sözügedən ideyadan istifadə etmək iqtidarındadır. Mənbəmizin söylədikləri:

«Kəmaləddin Heydərov mətbuatda hansı formada təqdim olunmasına baxmayaraq, bu gün çevrəsinə az qala on minlərlə sədaqətli insanı toplamış bir fiqurdur. Onu yaxından tanıyanlar Kəmaləddin Heydərovun bir çox müsbət keyfiyyətlərini açıqlaya bilərlər ki, həmin xarakteri hesabına bu gün Kəmaləddin Heydərov nəinki böyük bir «dost ordusu» yaratmağa müvəffəq olub, həm də bu gün minlərlə şəxs hətta Heydərovun yolunda başını belə qoymağa hazırdırlar».

Məhz bu faktorun hər zaman hakimiyyətiçi münasibətlərdə Kəmaləddin Heydərovun işinə yaradığını bildirən mənbəmiz qeyd edib ki, əslində FHN şefi konkret şəkildə təşkilatlanmamış böyük bir qüvəyə sahibdir: «Bu da təbii ki, rəqibləri üçün təhlükə hesab oluna bilər. Hər halda, əgər kimlərsə məhz Kəmaləddin Heydərov naminə hansısa davaya qatılmaqdan çəkinmirlərsə və həmin şəxslərin sayı minlərlədirsə, deməli, opponent tərəf ən azından ehtiyat etməsində haqlıdır».

Partiya məsələsinə gəlincə isə, mənbəmiz bildirdi ki, «Avroviziya» yarışmasından sonra bu yöndə cidi addımlar atıla bilər: «Məlumdur ki, hər şey, bütün tədarük çoxdan hazırdır. Sadəcə olaraq, bununla bağlı «yuxarıların» da razılığı alınmalıdır. Maraqlıdır ki, Kəmalədin Heydərov üst düzəyin xeyir-duası olmadan heç bir addımı atmır və burada da onun əslində ikinci hakimiyyət partiyası niyyətinin icrasında da sözügedən prinsip vacib tutulur».

Mənbəmiz onu da bildirdi ki, əslində 2-ci hakimiyyət partiyasının yarınışı iqtidarın da maraqlarına xidmət edir: «O zamanlar mərhum prezident Əbülfəz Elçibəylə Müsavat başqanı İsa Qəmbərin də belə bir planları var idi ki, təxminən ABŞ-dakına bənzər bir siyasi müstəvi formalaşsın və davamlı olaraq hakimiyyət Müsavatla AXCP arasında paylaşsın. İndi də eyni sistemi YAP iqtidarı yaratmaq niyyətindədir. Çünki istənilən halda birpartiyalı sistem avtoritarizmin əlaməti heçab olunur. Halbuki Amerikanın özündə də avtoritarizmin yetərincə elementləri var, amma kimsə bunu dilinə də gətirə bilmir. Çünki görüntüdə tamam fərqli mənzərə təqdim olunur».

İqtidarın da eyni qaydada ikinci hakimiyyət partiyasının yaradılmasında maraqlı olduğunu söyləyən mənbəmiz vurğuladı ki, bu vaxta qədər bir neçə dəfə buna cəhdlər edilib: «Amma indi FHN şefinin üzərində dayanılıb. Çünki Kəmaləddin Heydərov rəhbəri olduğu nazirliyin işinin quruculuğunda da sübuta yetirdi ki, o, həm də yaxşı təşkilatçıdır».

Onu da xatırladaq ki, bu vaxta qədər bir neçə təşkilatın 2-ci hakimiyyət partiyası olacağı haqda fikirlər də səsləndirilib. Lakin bu gün tamam fərqli bir situasiya yaranıb. Sözügedən obyekt olanlar arasından seçilmir, yenisi yaradılır…


Geri qayıt