Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏKSƏRİYYƏT MİNSK QRUPUNDAN NARAZIDIR

ƏKSƏRİYYƏT MİNSK QRUPUNDAN NARAZIDIR


26-03-2012, 15:22
ƏKSƏRİYYƏT MİNSK QRUPUNDAN NARAZIDIR

CƏMİ 12 FAİZ RESPONDENT RAZILIQ EDİR

“Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasının (Minsk Qrupu 24 mart 1992-ci ildə ATƏT-in Nazirlər Şurasının Helsinki toplantısında təsis olunub) 20 illiyi ilə əlaqədar müxtəlif yaş və sosial qruplardan olan 500 respondent arasında sorğu keçirib.

APA-nın məlumatına görə, sorğunun ilk “ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına respondentlərin cəmi 12% müsbət cavab verib, 88% isə Minsk Qrupunun fəaliyyətindən narazı qaldığını bildirib.

“Minsk Qrupunun 3 həmsədr dövlətindən hansının dəyişdirilməsinə ehtiyac var” sualına sorğuda iştirak edənlərin 18%-i ABŞ-ın, 27% isə Rusiyanın dəyişdirilməsini istəyib. Respondentlərin daha çox dəyişdirilməsini zəruri saydıqları ölkə isə Fransadır - 55%.
“Hansı dövlətin və ya qurumun həmsədrlərin sırasına qatılmasına ehtiyac var” sualına cavabda bu nəticə alınıb: Türkiyənin qatılmasını istəyənlər 78%, Avropa Birliyi 12% və Almaniya 10%.

“Rusiyanın son 3 ildə münaqişənin həllində təkbaşına vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 77% Rusiyanın vasitəçiliyini mənfi, yalnız 23% müsbət qiymətləndirib.

Rusiya mövzusunun davamı kimi “Yeni prezidenti Vladimir Putin münaqişənin ədalətli həllini sürətləndirmək üçün fəaliyyət göstərəcəkmi” sualına respondentlərin mütləq əksəriyyəti - 85% mənfi cavab verib, yalnız 15% əksini düşündüyünü deyib.

Respondentlərin sorğunun son sualı olan “Münaqişənin ədalətli həllini hansı amil sürətləndirə bilər” sualına verdikləri cavablar belədir: Azərbaycan güc tətbiq etməlidir - 28%, Ermənistan “Genişləndirilmiş Madrid Planı”nı qəbul etməlidir - 18%, Rusiya Ermənistana təzyiq etməlidir - 54%).

Sorğunun nəticələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan vətəndaşlarının əksəriyyəti Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu və bu qurumun münaqişənin nizamlanmasında real nəticə əldə edəcəyinə inamının qalmadığını bildirib.


Geri qayıt