Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏ DƏ VƏZİYYƏT QARIŞMAQ ÜZƏRƏDİR

GƏNCƏDƏ DƏ VƏZİYYƏT QARIŞMAQ ÜZƏRƏDİR


26-03-2012, 12:47
GƏNCƏDƏ DƏ VƏZİYYƏT QARIŞMAQ ÜZƏRƏDİR

ELMAR VƏLİYEVƏ QARŞI SAKİNLƏR ARASINDA ETİMADSIZLIQ KAMPANİYASI

DİA.AZ: - Qubada baş verən xalq üsyanının ardından oxşar proseslərin digər bölgələrə də sirayət edəcəyi ilk gündən proqnozlaşdırılırdı. Elə buna görə də hakim dairələr daha ehtiyatlı tədbirlərin icrasına qərar verməli oldular. Əyalətlərdə, xüsusən də əhalinin daha çox narazı olan bölgələrdə islaha xarakterli addımlar atıldı və hətta bəzi yeniliklər də müşahidə olundu.

Məsələn, ilk dəfə olaraq Salyanın icra başçısı Tahir Kərimov xalqın qarşısına çıxaraq şikayətləri açıq surətdə, birbaşa olaraq dinlədi. Doğrudur, başçı ilə görüşə xüusi seçilmiş şikayətçilərin buraxıldığı bildirildi. Amma yenə də, istənilən halda təşəbbüsün özü belə ehtiyatlı siyasətin təzahürü kimi qəbul olundu. Və bildirək ki, anoloji proses digər rayonlarda da müşahidə olundu.

Amma deyəsən, bu kimi tədbirlər də yetərli olmayacaq. Məsələn, Gəncədən əldə etdiyimiz məlumatlardan aydın olur ki, artıq bu şəhərdə başçıya qarşı sakinlərin dözüm limiti bütün həddləri aşıb. Redaksiyamıza verən məlumatlardan aydın olur ki, xüsusən yerli sahibkarlara divan tutmağı ilə diqqətə gələn Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən narazı olan camaat, ona qarşı etimadsızlıq kampaniyasına da start veriblər.

DİA.AZ-a sakinlərin bildirdiyinə görə, əhali arasında «Elmar Vəliyevə etimad göstərirsinizmi» sualı ilə sorğu da təşkil olunub və sorğu anonim deyil, bütün iştirakçılar şəxsiyyət vəsiqələri ilə kimliklərini açığa qoyurlar: «Bu bir növ başçıya qarşı imzatoplama kampaniyası kimi də qəbul oluna bilər və əldə edilən nəticələr birbaşa laraq prezident İlham Əliyevə ünvanlanacaq. Sakinlər Elmar Vəliyevdən narazıdır və istəyirik ki, nəsə baş verməmiş, yuxarılar da bunun fərqinə varsınlar».

Onu da qeyd edək ki, bütün bu işlərin kimlər tərəfindən təşkil edilməsi barədə əlavə məlumat verilmir.


Geri qayıt