Əsas Səhifə > Cəmiyyət > YAP-ÇI DEPUTATDAN “TUVALU AÇIQLAMASI”
YAP-ÇI DEPUTATDAN “TUVALU AÇIQLAMASI”24-03-2012, 12:55 |
“ERMƏNİSTAN-TUVALU ƏLAQƏLƏRİ GÜLÜNC DOĞURUR” Ermənistanın işğal altında saxladığı qondarma "Dağlıq Qarabağ respublikası"nın rəsmi olaraq tanınması üçün Sakit okeandakı kiçik bir ada-dövlət olan Tuvalu ilə diplomatik əlaqə yaratması çox gülüş doğurur. Bunu şənbə günü Trend-ə Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Tuvalu çox kiçik məbləğ hesabına istənilən dövləti, hətta mövcud olmayan dövləti belə tanımağa hazır olan adadır. "Görünür, onun büdcəsi məhz belə siyasi avantüralarla dolur. Bu dövlət tanınmamış Cənubi Osetiya və Abxaziya rejimlərini bu formada tanıdığını açıq bildirdi. İndi Ermənistan həmin yolla getməyə çalışır. Hesab edirəm ki, Ermənistan bununla öz nüfuzuna daha da ağır zərbə vurmuş oldu", - millət vəkili əlavə edib. O deyib ki, onsuz da Ermənistan beynəlxalq aləmdə qeyri-ciddi, beynəlxalq hüquq normalarına riayət etməyən, Cənubi Qafqazda gərginlik ocağı yaradan bir ölkə kimi tanınır. İndi isə onun "əldəqayırma" bir rejimi pul hesabına bir ada-dövlətə tanıtdırmaq istəyi Ermənistan haqqında olan mənfi imici dərinləşdirəcək. Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupunun Rusiya və ABŞ-dan olan həmsədrlərinin verdiyi bəyanata görə, artıq tərəflər problemin həllinə həddindən artıq yaxınlaşırlar. Bəyanatlarda Ermənistan qoşunlarının Dağlıq Qarabağ ərazisindən çıxarılması, statusun sonrakı mərhələdə həll edilməsi kimi ciddi məqamlar öz yerini alır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Ermənistanda iqtisadi vəziyyət kifayət qədər ağırdır, əməkhaqları aşağıdır, iş yerləri yoxdur, bu ölkə bu gün iqtisadi baxımdan ölü zonaya çevrilir. "Belə bir halda müəyyən bir vəsaitin siyasi avantüraya sərf edilməsinin özü gülüş doğurur. Bu məbləğ çox böyük uğurla Ermənistanın hansısa bir rayonunun əhalisinin bir neçə illik sosial problemlərinin həlli üçün uğurla istifadə edilə bilərdi", - Mirzəzadə qeyd edib. Millət vəkilinin sözlərinə görə, Ermənistan büdcəsinin böyük hissəsi xaricdən gələn dotasiyalardan ibarətdir. Ona görə də onlar üçün qazanmadıqları pulu belə məsələlərə sərf etmək çox asandır. Bununla yanaşı, Mirzəzadə hesab edir ki, belə addımların sonu yoxdur və dünya birliyi bunu qəbul edə bilməz. Geri qayıt |