Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOV İNŞAAT SEKTORUNDAN ÇIXIR

KƏRƏM HƏSƏNOV İNŞAAT SEKTORUNDAN ÇIXIR


24-03-2012, 12:40
KƏRƏM HƏSƏNOV İNŞAAT SEKTORUNDAN ÇIXIR

KOMİTƏ SƏDRİ BAYRAM GÜNÜNDƏ PA-DA CİDDİ ŞƏKİLDƏ TƏNBEH OLUNUB

DİA.AZ: - Son dövrlər adı bir sıra qalmaqallarda hallanan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏĞDK) rəhbəri Kərəm Həsənovun hərəkətləri artıq yuxarı dairələrdə də ciddi narazılıqla qarşılanmağa başlayıb. Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, bayram günlərinin olmasına baxmayaraq Kərəm Həsənovu gözlənilmədən Prezident Administrasiyasına çağırıblar.

Bu barədə DİA.AZ-a məlumat verən qaynaq bildirib ki, komitə sədrinin PA-ya çağırılmasının bir sıra səbəbləri ola bilər. Onlardan biri Kərəm Həsənovun son dövrlər qalmaqallı işlərə qol qoyması və bütün ölkənin dilinə düşməsidir. Belə ki, onun və qardaşının bir sıra hərəkətlərinin əhali tərəfindən ciddi şəkildə etirazla qarşılanması hakimiyyət dairələri üçün heç də uğurlu tapıntı olmayıb.

Mənbə bildirir ki, hakimiyyət indiki həssas məqamda əhalinin daha da narazı düşməsində maraqlı deyil. Bunun üçün mümkün qədər ehtiyatlı tərpənməyə çalışan iqtidar mənsubları komanda üzvü olan məmurlardan da eyni şeylərə riyayət etmələrini tələb edir. Qaynaq qeyd edir ki, Kərəm Həsənov isə son dövrlər ümumiyyətlə, bütün qaydaları pozaraq, heç kimə məhəl qoymadan hərəkətlərinə davam edib. Və bu səbəbdən də onu PA-ya çağıraraq, orada tənbeh ediblər.

Redaksiyamızı bilgiləndirən mənbənin sözlərindən o da aydın olur ki, Kərəm Həsənov bir sıra istiqamətlərdəki mövqelərini də itirmə təhlükəsi yaşayır: «Hər halda, bu tənbehin ardından hansı addımların atıla biləcəyini təxmin etmək o qədər də çətin deyil. Bir zamanlar keçmiş itisadi inkişaf naziri Fərhad Əliyevə «torba tikən» Kərəm Həsənovun özü indi «torbanın» içinə düşə bilər. Artıq onun bir sıra sektordakı fəaliyyəti də yasaqlanıb».

Mənbəmizə görə, konkret olaraq Həsənova və onun deputat qardaşına inşaat sektorundakı fəaliyyətlərinə son qoymaları barədə göstəriş verilib.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt