Əsas Səhifə > Sosial, Manşet > QIŞDA ÇÖRƏK BÖHRANI YARANA BİLƏR

QIŞDA ÇÖRƏK BÖHRANI YARANA BİLƏR


7-10-2011, 14:41
QIŞDA ÇÖRƏK BÖHRANI YARANA BİLƏR

İSMƏT ABBASOVUN ÇÖRƏK İMTAHANI

DİA.AZ: - Bu gün ölkədə çoxlarını düşündürən əsas problemlərdən biri də qış mövsümündə ölkədə taxıl sarıdan ciddi problemlərin müşahidə olunacağı ilə bağlıdır. Müxtəlif səbəblər üzündən son illər Azərbaycanda istehsal olunan buğdanın keyfiyyətinin ürəkaçan olmaması və kənd təsərrüfatı sahəsində yürüdülən yanlış aqrar siyasətin nəticəsidir ki, hazırda sözügedən sahədə ciddi problemlər mövcuddur.

Bu ilin əvvəlindən xaricdən gətirilən buğda və unun yenidən əlavə dəyər vergisinə cəlb olunması isə mövcud problemləri bir qədər də artırmış oldu.

Bir qədər əvvələ nəzər salsaq, görərik ki, Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli qərarında göstərilir ki, iqtisadi inkişaf, maliyyə, vergilər, kənd təsərrüfatı nazirliklərinin və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən, hökumət ölkəyə idxal olunan və əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısına buğdanı da əlavə edib. Qərar imzalandığı gündən qüvvəyə minib. ƏDV malın dəyərinin 18 faizi həcmində hesablanır. Xatırladaq ki, taxıl məhsullarına ƏDV tətbiqinə 1998-ci ildən başlanılıb. Həmin il sabiq dövlət başçısı Heydər Əliyev regionlara səfər edən zaman yerli istehsalçılar mallarını satmaq üçün bazar tapmadıqlarından şikayət etmişdilər. Fermerlər şikayət edərək, bildirmişdilər ki, xaricdən gətirilən məhsulların qiyməti xeyli ucuz olduğuna görə daxili bazarı zəbt edib. Nəticədə, Azərbaycanda əkilən taxıla tələbat azalıb.

Onu da qeyd etmək yerinə düşər ki, taxıl idxalına ƏDV-nin tətbiq edilməsindən sonra Azərbaycanda bu məhsulun əkilməsində stimullaşma müşahidə edilirdi. Məlumatlara görə, bu il ölkədə hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən məhsuldarlıq xeyli aşağı olub.

Maraqlı məqam orasındadır ki, Azərbaycanda faktiki olaraq taxıl qıtlığı yaransa da, rəsmi dairələr bunu etiraf etmək istəmirlər. Məsələn, kənd təsərrüfatı naziri İsmət Abbasov bununla bağlı mətbuata verdiyi hər açıqlamasında hazırda qiymətlərin dünya bazarına nisbətən baha olduğunu etiraf etsə də, ölkədə taxıl qıtlığının mövcud olmadığını bildirir. Nazir iddia edir ki, ölkədə taxıl tədarükündə kifayət qədər artım var və qiymətlərin artması tədarükün azalması ilə bağlı deyil. Lakin fakt faktlığında qalır ki, bu gün regionlarda kənd təsərrüfatı ilə, əkin-biçinlə məşğul olan yerli sahibkarlar texnika çatışmazlığından əziyyət çəkirlər. Elə buna görə də hər il məhsulun yığılmasında problemlər yaşanır. Bununla bağlı redaksiyamıza daxil olan məlumatlara görə, bu il ölkənin Aran rayonlarında taxıl biçininin yubanmasına əsasən texnika çatışmazlığı səbəb olub. Eyni zamanda, cari ildə yağıntıların az olması dəmyə üsulu ilə əkilən taxılın da tədarükündə kəskin azalmaya səbəb olub. Buna baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, dəmyə üsulu ilə əkilən taxılın həcmində artım müşahidə olunub. Daxil olan məlumatlar isə bunun tam əksini sübuta yetirir. Maraqlıdır ki, nazirlik rəsmiləri hələ də aqrolizinq əməliyyatları üçün milylonlarla dolların ayrılmasından danışır.

Ara-sıra ölkədə yaranmış çörək böhranı bir daha onu göstərdi ki, böhran kimlərinsə maraqlarına uyğun olaraq süni yolla yaradılıb. Azərbaycanda taxıl və taxıl məhsullarının idxalına nəzarət iri məmurlar tərəfindən inhisara alınıb. Əgər rəsmi açıqlamalara inansaq, o zaman ölkədə taxıl qıtlığının yaranmadığı qənaətinə gələrik. Bununla yanaşı, böhranın süni yolla yaradılmasından, inhisarçıların milyonlarla dollar qazandığını hesablamaq o qədər də çətin deyil. Əslində, bu gün buğdanın satış qiymətləri bir qədər ucuzlaşdırıla və dünya qiymətləri səviyyəsinə çatdırıla bilər. Ancaq həmin monopolist məmurların təsiri nəticəsində hələ də bu sahədə qiymət endirimi müşahidə olunmur. Hələ bu azmış kimi, ölkəyə gətirilən buğdanın həcmi də rəsmiyyətdən kənarda saxlanılır.

Ekspertlərin fikrincə, ölkənin taxıl ehtiyacları və taxıl idxalı ilə bağlı verdiyi rəsmi statistika həqiqəti əks etdirmir. Belə ki, rəsmilər hər il Azərbaycanda təxminən, 1,5 milyon ton taxılın idxal edildiyini, 1,5 milyon tonun isə xaricdən idxal olunduğunu iddia edirlər. Lakin faktlar sübut edir ki, Azərbaycanda taxıl istehsalı ilə bağlı yayılan məlumatlar doğru deyil. İqtisadçıların fikirincə, hər il Azərbaycanda ən yaxşı halda yarım milyon ton taxıl tədarük edilir. Təbii ki, bu onu sübut edir ki, Azərbaycana gətirilən taxılın çox az bir hissəsi rəsmi gömrük sənədləşmələrindən keçir. Qalan böyük hissə isə qeyri-qanuni yollarla idxal edilir. Söz yox ki, bu zaman dövlət büdcəsinə xeyli miqdarda ziyan dəyir və tonlarla taxılın satışından əldə olunan pullar kimlərinsə cibinə gedir.


Geri qayıt