Əsas Səhifə > Güney Press, Araşdırma > “FINANCIAL TIMES” NABUCCO-WEST-DƏN YAZDI

“FINANCIAL TIMES” NABUCCO-WEST-DƏN YAZDI


19-03-2012, 12:52
“FINANCIAL TIMES” NABUCCO-WEST-DƏN YAZDI

“BU İŞİN ARXASINDA SİYASİ AMBİSİYALAR DURUR”

Nabucco layihəsinin iştirakçısı olan ölkələr "layihənin üzləşdiyi çətinliklərlə bağlı" onun qısaldılmış versiyasını təklif edirlər, deyə Financial Times 15 mart tarixli nömrəsində yazır.

Amma layihənin təmsilçisi bildirib ki, hələlik yekun qərar qəbul eidlməyib və orijinal təklif əvvəlkitək "cəlbedicidir", deyə Coşua Çaffin məlumat verib.

Plan BP və "Şahdəniz 2" konsorsiumunun başqa üzvlərinə təqdim ediləcək. Konsorsium Nabucco və başqa iki layihə arasında seçim etməlidir.

BP-nin "Şahdəniz" üzrə vitse-prezidenti Alister Kuk FT-yə müsahibəsində layihəni "irəliyə doğru böyük addım" adlandırıb. Onun sözlərinə görə, VR əmindir ki, sonraadan böyüdülməsi mümkün olan kiçik boru daha məqsədəuyğundur.

Kiçildilmiş boru kəməri Nabucco West adını alıb və iki dəfə qısadır, daha az həcmə hesablanıb (16 mlrd m3). Əgər Nabucco şərqi Türkiyədən Avstriyaya uzanmalı idisə, yeni kəmər Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarteninə kimi uzanacaq.

VR-nin yeni təkliflə bağlı nikbinliyi nədən doğur?

Doğrudanmı, bu, kəmərin iki dəfə qısalması ilə bağlıdır? Qətiyyən yox, əgər əvvəllər kəmərin uzunluğu 3900 km idisə, indi 1200 km, yəni 30,8% qısalır. Buraxılış qabiliyyətinin iki dəfə azalması o deməkdir ki, Nabucco iştirakçıları gələcəkdə əlavə qol çəkməmək üçün böyük diametrli boru çəkməlidirlər. Onlar isə bahadır. Relyef nəzərə alınsa, güclü kompressor stansiyaları tikmək lazım gəlir, bu isə layihənin qiymətinə çox təsir edir.

TANAP qaz kəməri layihəsinin ilkin analizində BOTAS mütəxəssisləri müəyyən ediblər ki, gücü 16 mlrd m3 olan kəmər 5,5-$6 mlrd-a başa gələr. Onda Nabucco-West-in xərcləri indiki qiymətlə 12-$13 mlrd ola bilər.

Hələ fevralın 18-də "Şahdəniz" iştirakçıları bildiriblər ki, Nabucco təmsilçiləri Azərbaycan tərəfinə yeni təkliflər ediblər. Düz bir ay sonra Financial Times "Şahdəniz" layihəsinin rəhbəri ilə müsahibədən sonra məlumat verir ki, "Nabucco-nun yeni planı BP və başqa konsorsium üzvlərinə çatdırılıb". Nabucco təmsilçiləri məqalə müəlliflərini əmin edirlər ki, "ilkin Nabucco təklifi yenə "cəlbedicidir".

Belə çıxır ki, Nabucco yeni təklifləri fevralın ortalarında, zəruri sənədlər olmadan verib, VR şifahi olaraq qeyd edib ki, "irəliyə böyük addım atılıb". İndi Nabucco təmsilçiləri öz təkliflərinin orijinalını nostalji ilə xatırlayıb, onun rəqabət qabiliyyəti barədə düşünürlər.

Amma ehtimal etmək olar ki, gerçəklikdə Nabucco-nu Avropa İttifaqının güclü siyasi lobbisi müdafiə edir. Aİ-nin Azərbaycandakı səfiti Rolan Kobianın Bakıda bu yaxınlardakı mətbuat konfransını xatırlamaq olar. O, diplomatik şəkildə Avropaya marşrut seçimində gecikmə olsa, bunun "Azərbaycan üçün nəticələri"ni xatırlatdı. Rəsmi Bakı tələsmədi və qeyri-rəsmi şəkildə bildirdi ki, bu barədə qərar 30 iyun 2013-cü ilə kimi qəbul ediləcək.

"Aİ-nin on ildir yetişdirdiyi sevimli övladını ölməyə qoymurlar. Niyə? Neçə il təşəbbüs barədə danışmaq, konsorsium yaratmaq, müxtəlif tədbirlərə çoxlu pul xərcləmək, sonra imtina etmək yolverilməzdir. Ambisiyalar imkan vermir", - deyə Şerman İnstitutunun baş müşaviri Frideman Müller hesab edir. Onun fikrincə, Nabucco artıq daha kiçik boru kəməri layihəsinə çevrilməklə strateji məzmununu itirib.

London Qlobal Enerji Tədqiqatları Mərkəzinin energetika üzrə analitiki Culian Li hesab edir ki, "Azərbaycanla Türkiyə Transanadolu kəməri ideyasını elan edəndə məlum oldu ki, Nabucco ilkin görkəmində olmayacaq". Onun fikrincə, Nabucco tərəfdaşları üçün yeganə imkan Türkiyənin qərb sərhədindən Avstriyaya layihənin daha qısa versiyasını həyata keçirməkdir.


Geri qayıt