Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İKİ KOMİTƏ SƏDRİNİN TORPAQ DAVASI

İKİ KOMİTƏ SƏDRİNİN TORPAQ DAVASI


18-03-2012, 13:23
İKİ KOMİTƏ SƏDRİNİN TORPAQ DAVASI

QƏRİB MƏMMƏDOV KƏRƏM HƏSƏNOVU PROSESİ YUBATMAQDA QINAYIR

DİA.AZ: - «Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb». Bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov məlumat verib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsinin hazırlanması üçün müvafiq qurumlarla, o cümlədən DTXK ilə birlikdə iş görür: «Biz də həmin Qanun layihəsi hazırlayaraq müvafiq quruma təqdim etmişik».

Xatırladaq ki, 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara tapşırıq verib. Prezidentin məlum tapşırığından bir il keçi və indi Qərib müəllim məsələ ilə bağlı açıqlama verir. Qərib Məmmədovun bu açıqlaması konkret ünvana yönəlib. Belə ki, faktiki olaraq, özəlləşdirmə prosesi Dövlət Əmlakını İdarəetmə Komitəsinin komptensiyasındadır. DTXK sədri isə deyir ki, lazım olan bütün sənədləri DƏİK-ə göndərib və onların da prosesi yubatmasına bir şey edə bilməz.

DİA.AZ bildirir ki, Kərəm Həsənovun başçılıq etdiyi komitə sözün həqiqi mənasında vətəndaşları incitməsi ilə ad çıxarıb. Tətbiq olunan qaydalara əsasən bu gün hər bir vətəndaş nəzərdə tutulan qanundan səmərəli istifadə edə bilmir.

Üstəlik, antikorrupsiya tədbirləri ilə bağlı həyata keçirilən işlər də bu komitə tərəfindən əhəmiyyət verilməyən cəhd kimi qəbul olunur. Çünki Kərəm Həsənovun komitəsi heç nəyə baxmadan, dövlət rüsumundan əlavə haqq da alır. Artıq bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət edilsə də, faydası olmayıb. Əksinə, hər dəfə məsələnin üzərindən keçilib.

Hal hazırda həyata keçirilən özəlləşdirmə prosesinin yubanması və sənədsiz evlərin sənədləşdirilməsinin gecikməsi məsələsi isə DƏİK rəhbərliyinin başağrısına çevrilib. Bir tərəfdən qazanc əldə etmə marağı, digər tərəfdən isə Kərəm Həsənovun iddiaları fonunda baş verən sıxıntılar artıq tərəfləri üz-üzə qoymaqdadır. Üstəlik, bura daha çox imkanlar əldə etmək həvəsi də daxildir ki, xeyli müddətdir davam edən proses faktiki olaraq toqquşmalar üçün zəmin yaratmağa başlayıb.

Bu əsnada bir maraqlı məqamı da diqqətinizə çatdıraq ki, Qərib Məmmədovla Kərəm Həsənov arasında münasibətlər kifayət qədər sərindir. Səbəb isə DƏİK rəhbərliyinin DTXK-nı özünə birləşdirmək üçün yuxarılar qarşısında məsələ qaldırmasıdır. Bu barədə yayılmış məlumatlarda vurğulanır ki, Kərəm Həsənov Dövlət reyestr Xidmətini ələ keçirdikdən sonra Qərib Məmmədovun komitəsini özününküləşdirmək üçün addımlar atmağa başlayıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətinin birbaşa onlara aid olması təklifi ilə çıxış edən Həsənovun bu istəyini önləmək üçün hərəkət edən Məmmədov isə bu günə kimi özünü qorumağa çalışıb. Amma bu müdafiə taktikasının nə qədər davam edəcəyi bəlli deyil.

Elə verilən son açıqlamanın da kökündə bu amilin dayandığı istisna deyil. Böyük ehtimalla, Qərib Məmmədov Kərəm Həsənovun ona olan münasibətini bildiyindən, özəlləşdirmə məsələsində yubanmaları DƏİK rəhbərliyinin üzərinə yıxmağa başlayıb. Və yaxın günlərdə bu ittiham və qınamaların yeni formalarının üzə çıxacağı isə gözləniləndir. Çünki tərəflər arasında münasibətlər getdikcə gərginləşir və proses birmənalı olaraq konfrantasiyaya gedir.


Geri qayıt