Əsas Səhifə > Gündəm, Manşet > İRANLI DİNDARLAR AZƏRBAYCANA QARŞI

İRANLI DİNDARLAR AZƏRBAYCANA QARŞI


18-03-2012, 12:00
İRANLI DİNDARLAR AZƏRBAYCANA QARŞI

MOLLALAR BİZİ KORRUPSİYADA İTTİHAM ETDİ VƏ «YOL» GÖSTƏRDİLƏR

DİA.AZ: - İran yenə də Azərbaycan əleyhinə təbliğatlarını gücləndirib. Artıq İrandakı səfirimizin yenidən bu ölkənin xarici siyasət idarəsinə çağrılması barədə məlumatlar yayılıb. Əslində bu gözlənilən idi də. Hər halda, Azərbaycanın xüsusi xidmət orqanlarının Bakıda ifşa etdikləri SEPAH şəbəkəsinin rezonansı Tehrandan eşidilməli idi.

Bu dəfə yenə də İran üzərimizə mollalarının vasitəsilə gəlir. Ki, əslində bu da anlaşılandır. Hər halda, rəsmi Tehran istənilən an «mən mollaların dediklərinə cavabdeh deyiləm və bunlar rəsmi mövqe deyil» deyərək yaxasını kənara çəkə bilər. Onu da bildirək ki, Azərbaycan dövləti və Azərbaycanın dövlət rəhbərləri ənənəvi fars «DİLLƏRİNİN» - türk şəhərləri olan Təbrizin və Ərdəbilin imam-cümələrinin əli ilə hədəfə alınıb. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili artıq bir neçə dəfə Azərbaycan adını təhqir etməsi ilə diqqətə gəlib. Bu dəfə isə Təbrizin imam-cüməsi Möhsün Müctəhid Şəbüstəri də ölkəmizi tənqid edib. Həmin materialları diqqətinizə çatdırırıq…

“Arannyus” portalı tərəfindən yayılan birinci məlumat – Təbrizdən edilən “hücum” belədir: “Ayətullah Möhsin Müctəhid Şəbüstəri Təbrizin "İmam Xömeyni" müsəllasında qılınan cümə namazının xütbələrində İran xalqının bütün inqilabi ərsələrdə qəhrəmanlıqlarına işarə edərək açıqladı: "12 isfənd və İran xalqının qəhrəmanlığı supergüclərin təkəbbürünə və lovğalığına son qoydu, onları acınacaqlı şəkildə geri çəkilməyə məcbur etdi".

Müctəhid Şəbüstəri dedi: "Son vaxtlar eşidilir ki, Azərbaycan Respublikası dövləti İslamla düşmənçiliyin yeni dövründə hicabı qadağan etməklə və anti-din hərəkətləri ilə yanaşı cümə namazını qəbuledilməz şərait və makanda, özü də şənbə günü qılınmasını deyib. Bu da Muaviyənin və tarixin sitəmkarlarının üslubudur".

O artırdı: "Azərbaycanın başçıları bilsinlər ki, onların zalimanə hərəkətləri islamçı xalqların, xüsusilə də bu ölkə camaatının tufanlı dalğasına dözə bilməyəcək. Azərbaycanın başçıları Qəzaffi, Hüsnü Mübarək, tarixin dikbaşları və bölgənin fironlarının süqutundan ibrət götürsünlər".

Şərqi Azərbaycan əhalisinin Rəhbərin Xubriqan Məclisində nümayəndəsi xütbəsinin davamında dedi: "Bütün anti-İslam və qeyri-insani hərəkətlərin kənarında ən çox təəssüf doğuran budur ki, bu ölkə ABŞ və sionist rejimin bazalarının öz ölkəsində hüzuruna icazə veribdir. Bu hərəkət qəbuledilməzdir. Bu ölkənin sərkərdələrinə bildirməliyik ki, belə hərəkətlərin davamı yoxdur. Əgər tarixin zülmkarlarının aqibətini unutmusunuzsa, heç olmasa region diktatorlarının süqutunu yada salın və ibrət alın".

Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi həmçinin, islami oyanışın dalğalarının bölgədə və bütün dünyada hər gün genişlənməsinə işarə edərək dedi: "İslami oyanışın dalğaları Ərəbistana da çatdı. Belə ki, mübarizlər səhərki günü "Milli Qiyam Günü" adlandırıblar ki, bununla da özlərini "iki hərəmin xadimi" adlandıran Ali-Səudun zülmü əleyhinə qalxsınlar və bu ölkədə zülmün kökünü qazsınlar"”.

İRANLI DİNDARLAR AZƏRBAYCANA QARŞI

Portalın yaydığı ikinci məlumatda – “Ərdəbil hücumu”nda isə deyilir: “Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi dedi: "Azərbaycan əhalisi ölkədə bahalıq olduğundan ehtiyacları olduğu vəsaiti almaq üçün bizim Astara və Biləsuvar şəhərlərinə gəlirlər. Bizim vəzifəmiz onlara Ali-Mühəmməd yetimləri gözü ilə baxmaq və layiqli şəkildə onları qarşılamaqdır".

Amili artırdı: "Şiələr qardaş, qəmxar və həmdil kimi gərək belə günlərdə bir-birlərinin fəryadlarına yetişsinlər. Çünki qoca kişi və qadın da İranda öz ehtiyacları olduğu vəsaiti almaq üçün sıraya dayanırlar. Onların hörmətini saxlamaq bizə vacib və zəruridir".

O artırdı: "Onlar etiraf edirlər ki, elə bir ölkədə yaşayırlar ki, ölkənin iri həcmdə sərvətinin olmasına baxmayaraq, mafiyalar Azərbaycan Respublikasını acınacaqlı vəziyyətə salıblar. Ona görə də ölkədə varlı və aşağı siniflər arasında böyük və dərin uçurum yaranıb.

Amili davam etdi: "Belə vəziyyəti Naxçıvan-Culfa sərhəddində də müşahidə edirik. Azərbaycan Respublikasının başçılarının ləyaqətsizliyi üzündən bu gün ölkə xalqı sərgərdan qalıb və halal ruzi ardınca o qapını, bu qapını döyürlər".

O artırdı: "Azərbaycan Respublikası korrupsiyaya görə dünyada birinci yerdə durur və ölkənin gəlirini ədalətlə bölmək əvəzinə onun böyük hissəsi başçıların saraylarına axır".

Ərdəbilin imam cüməsi xütbələrinin sonunda vurğuladı: "Belə bir vəziyyət qəbuledilməzdir və mütləq xalqın narazılığına və üsyanına səbəb olacaq"”.


Geri qayıt