Əsas Səhifə > Hadisə, Manşet > JURNALİSTLƏRİN HƏBSİLƏ BAĞLI ŞOK FAKT

JURNALİSTLƏRİN HƏBSİLƏ BAĞLI ŞOK FAKT


16-03-2012, 16:20
JURNALİSTLƏRİN HƏBSİLƏ BAĞLI ŞOK FAKT

MƏŞUM VİDEOÇIXIŞIN KİMLƏR TƏRƏFİNDƏN YAYILMASI ARAŞDIRILIR

DİA.AZ: - Məlum olduğu kimi martın 13-də Quba hadisələri ilə bağlı saxlanılan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev və “Poliqon” İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədli Bakıya gətirilib. Məlumatlardan aydın olur ki, dünən həmçinin Cəmil Məmmədlinin evində axtarış aparılıb.

Jurnalistlərin saxlanması və saxlanma səbəbləri ilə bağlı hüquq- mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. Hətta jurnalistlərin hansı qisimdə saxlanması və ya onlara qarşı hansı maddələrlə ittiham irəli sürülməsi barədə məlumat yoxdur.

İstintaq orqanı jurnalistlərin saxlanması və saxlanma səbəbi ilə bağlı onların ailələrini belə məlumatlandırmayıb. Z.Mustafayevin atası Musafəddin Mustafayev bildirib ki, oğlunun hansı səbəbdən və harada saxlanması ilə bağlı məlumata malik deyil. “Mən özüm də oğlumu axtarıram. Quba rayon prokuroru dedi ki, 2-3 saata buraxacaqlar. Amma artıq 3 gündür oğlumdan xəbərim yoxdur”, - o qeyd edib.

Eyni zamanda “Poliqon” agentliyindən bölgə müxbirlərinin saxlanmasını təsdiq ediblər. Agentliyin baş redaktoru Azər Qaramanlı müxbirlərin taleyi ilə bağlı hər hansı məlumat ala bilmədiklərini bildirib.

Bu arada reaksiyamıza jurnalistlərin həbsinin səbəbləri ilə bağlı ilginc məlumatlar daxil olub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə deyilir ki, jurnalistlərin həbsinə səbəb abiq icra başçısı Rauf Həbibovla bağlı videogörüntülərin internet vasitəsilə yayılmasının kimlər tərəfindən təşkilinə aydınlıq gətirilməsilə bağlıdır.

Mənbəmiz vurğulayır ki, hüquq-mühafizə orqanları Rauf Həbibovun videoçıxışının konteksdən çıxarılmış şəkildə «youtube» vasitəsilə yayılmasını təşkil edənlərin bütün bu olayların təşkilatçıları ilə əlaqədə olmasına şübhə etmədiyindən bu yolla məsələnin mahiyyətini öyrənməyə çalışır: «Ola bilsin ki, saxlanılan jurnalistlərin hansısa birisinin bu işdə əli var. Bu, müəyyən olunduqdan sonra digərləri azadlığa buraxılacaq. Hələlik araşdırmalar həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi yönündə gedir. Saxlanılanların hər birinin videokameraları olub və axtarışların aparılmasında məqsəd də həmin videoçıxışın yayılmış versiyasının izinə düşməkdən ibarətdir».


Geri qayıt