Əsas Səhifə > Cəmiyyət > MOLLAZADƏ YENƏ SƏDR OLDU
MOLLAZADƏ YENƏ SƏDR OLDU7-10-2011, 12:52 |
ADİP KÖHNƏ SƏDRLƏ YOLA DAVAM DEDİ Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda katiblik, mandat komissiyası seçilib və gündəlik təsdiqlənib. Partiya sədri Asim Mollazadə partiyanın ötən dövrdə fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Asim Mollazadə bildirib ki, qurultay Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir: “Bu illər ərzində Azərbaycan ciddi təhlükələrə məruz qalıb. Ancaq mən məsələyə bir az fərqli prizmadan yanaşılmasını istəyirəm. 20 faiz ərazisi işğal olunan Azərbaycan xalqı ərazisinin 80 faizini qorumağı, dövlətini inkişaf etdirməyini bacarıb. Bu bizim uğurumuzdur”. DİP sədri Azərbaycanı strateji inkişaf yolu ilə bağlı da fikirlərini açıqlayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və orta Asiya ölkələri ilə münasibətləri yeni bir müstəvidə qurmalıdır: “Məhz biz Avropa Birliyi kimi ittifaq yarada bilərik. Regionda münaqişələri ona görə yaradıblar ki, bu mümkün olmasın, bölgədə əlində “Kalaşnikov” olan ordu hökmranlıq etsin”. A. Mollazadə bu gün Ermənistanın artıq tam müstəqil olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Ermənistan əhalisi ötən 20 ildə 3,5 milyon nəfərdən 1,5 milyon nəfərə qədər azalıb, ölkənin əsas iqtisadi sahələri xarici dövlət tərəfindən özəlləşdirilib: “Ona görə də biz Ermənistanın sahibləri ilə danışmalıyıq. Bu baxımdan son dövrlər Azərbaycan və Rusiya arasında müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına təbii yanaşılmalıdır”. A. Mollazadə partiyanın iqtisadi prioritetləri haqda da danışıb. Qurultayda Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Qurultay üzvləri Asim Mollazadəni yenidən partiya sədri seçiblər. Daha sonra yığıncaqda partiyanın Siyasi Şurasının və Mərkəzi Təftiş Komissiyasının üzvləri seçiliblər. Siyasi Şuraya Asim Mollazadə, Rauf Talışınski, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Ülkər Abdullayeva, İlqar Hüseynov və Ramin Hacılı seçiliblər. İlkin Həsənov, Çingiz Abdullayev və Roman Temnikov Mərkəzi Təftiş Komissiyasının üzvü seçiliblər. Daha sonra qurultayda cari məsələlər müzakirə olunub. Geri qayıt |