Əsas Səhifə > Siyasət, Manşet > LAÇIN İCRA BAŞÇISININ PKK SÖHBƏTİ

LAÇIN İCRA BAŞÇISININ PKK SÖHBƏTİ


16-03-2012, 13:25
LAÇIN İCRA BAŞÇISININ PKK SÖHBƏTİ

ŞOK: SURİYADAN GƏLƏN KÜRDLƏR BAŞÇINI DEVİRMƏK İSTƏYİRLƏR?

DİA.AZ: - Redaksiyamıza daxil olan müraciət-şikayətlərdən biri də Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov tərəfindən yazılıb. M.Baxışov Laçın RİH başçısı Ramiz Cəbrayılova qarşı sərt ittihamlar irəli sürüb.

Müqabil Baxışov DİA.AZ-a yazır ki, laçınlıların Taxtakörpü qəsəbəsində keçirmək istədikləri etiraz aksiyasının guya Suriyadan gələn PKK-çılarla yerli kürdlər tərəfindən təşkil edilməsi barədə məlumatları icra başçısı Ramiz Cəbrayılov yayıb və bununla da süni gərginlik yaradır:

"Məsələ ondadır ki, bu təxribatı RİH başçısı özü qəsdən edir, bu həm də mənə qarşıdır. Ramiz Cəbrayılovun bu hərəkəti eyni zamanda rayondakı gərginliyi başqa istiqamətə çəkmək məqsədi daşıyır. Fakt budur ki, camaat Heydər Əliyevin portretləri ilə onun Fəxri Xiyabandakı məzarına piyada yürüş etmək istəyiblər. Ancaq inanın, mən o aksiyada nə iştirak etmişəm, nə də hansısa rolum olub. Düzdür, milliyyətçə kürdəm, amma bunun PKK-ya nə dəxli var? Bu, tamamilə məqsədli təxribatdır və şübhə etmirəm ki, bunu icra başçısı Ramiz Cəbrayılov təşkil etdirib. O, rayondakı gərginliyi və qanunsuzluqları belə təxribat xarakterli üsullarla pərdələməyə çalışır...

Heç icra başçısına qarşı da hər hansı qərəzim və ya düşmənçiliyim yoxdur. Sadəcə, sakinlər arasında nüfuzum və hörmətim var. Mən camaatın obyektiv tələblərini, haqlı səslərini müdafiə etmişəm və edirəm də. Bu isə Ramiz Cəbrayılovun xoşuna gəlmir. Ona görə də, məni PKK deyilən qurumla əlaqələndirməyə çalışır. Inanın, mən, hələ də həmin təşkilatın adını və məramını düz-əməlli bilmirəm. Heç bilmək də istəmirəm...Mən heç vaxt icra başçısından rəsmi şikayətçi olmamışam. Atam Baxış Baxışov məcburi köçkünlər üçün tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlarla bağlı şikayətçi olub. çünki bir subay bacımız və iki qardaşımızla birlikdə atama ikiotaqlı ev verilib. Buna görə də, dəfələrlə Ramiz Cəbrayılov məni qəbuluna çağırıb "qohumların məndən şikayət edirlər" deyib. Və onların haqlı şikayətlərinin qarşısını almağı tələb edib. Mən də rayonda nüfuzu, hörməti olan bir insan kimi, nəinki ailəmizə qarşı, hətta evlərin paylanılmasında, təhsildə və digər sahələrdə baş verən qanunsuzluqların qarşısı alınmayana qədər, kimsəni mübarizədən çəkindirməyəcəyimi bildirmişəm. Mənə qarşı təxribatların buradan qaynaqlandığını düşünürəm".

Dünən Laçın RİH-nə zəng edərək RİH başçısı R.Cəbrayılovun məsələyə münasibətini öyrənməyə çalışdıq. Növbətçi icra başçısının işdə olmadığını bildirdi. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt