Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇ KONFLİKTLƏRİ BİTİRİR

HAKİMİYYƏT İÇ KONFLİKTLƏRİ BİTİRİR


16-03-2012, 12:54
HAKİMİYYƏT İÇ KONFLİKTLƏRİ BİTİRİR

MİSİR MƏRDANOVLA MƏLEYKƏ ABBASZADƏNİN DAVASINA SON QOYULUB

DİA.AZ: - Hakim düşərgə toparlanma yolundadır. Bu barədə əldə etdiyimiz məlumatlardan aydın olur ki, 2013-cü il prezident seçkilərinə qədər iqtidar komandasında vahid rəhbərliyin, monolitliyin bərpası istiqamətində çox ciddi addımlar atılacaq.

Mötəbər mənbə DİA.A-a bildirir ki, bu günə kimi aralarında müxtəlif problemlər olan və bu səbəbdən münasibət gərginlikləri kifayət qədər ictimailəşmiş bütün məmurlara «yuxarılar» tərəfindən sərt ismarıclar göndərilməklə yanaşı, onların barışmaları tələb olunub.

Onu da bildirək ki, bu kimi olaylar iqtidar daxilində bir neçə dəfə yaşanılıb. Bir zamanlar təhsil naziri Misir Mərdanovla maraqları toqquşan o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev də prezident İlham Əliyev tərəfindən sərt şəkildə tənqid olunmuşdular və onlara son xəbərdarlıq da edilmişdi.

Lakin bu xəbərdarlığı qulaqardına vuran Əli Nağıyev nəhayətdə cəzalandı, nazir postundan alınaraq Belorusiyaya mədəni sürgünə yola salındı. Artıq səfir kimi missiyasını baş vurmasına baxmayaraq, günü bu gün də Əli Nağıyevlə bağlı heç bir təyinatın verilməməsi əslində hakimiyyətin bu kimi məsələlərdə olduqca prinsipal olmasının təzahürüdür.

Mənbəmiz bildirir ki, 2013-cü il prezident seçkiləri ümumiqtidar marağı baxımından çox mühüm bir ərəfə olduğundan yenə də həyəcan təbili çalınıb: «Hakim düşərgə daxilində bütün münaqişələrin yatarılması barədə qəti tapşırıq var və artıq bunun ilkin təzahürləri də görükməkdədir».

Mənbəmiz iddia edir ki, bu günlərdə təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə arasında da məhz sözügedən tələblər nəticəsində «ATƏŞKƏS SAZİŞİ» imzalanıb. Hətta bu sazişin nəticəsi kimi hər iki qurum ortaq tədbirləri də həyata keçirməyə başlayıb.

Qeyd edək ki, martın 13-də Təhsil Nazirliyində Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) və nazirliyin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə TQDK tərəfindən nəşr olunmuş "Abituriyent ” jurnalının I sayında təqdim olunmuş tarix fənni üzrə dərsliklərdə yol verilmiş səhvlər müzakirə edilib.

TQDK-dan bildirlib ki, tədbirdə TN-nin şöbə müdiri Faiq Şahbazlı, TQDK-nın böyük məsləhətçisi Nərminə Məmmədova, dərslik müəllifləri və ekspertlər iştirak ediblər.

Görüşün sonunda dərslik müəllifləri tarix dərsliklərində yol verilmiş səhvlərin növbəti nəşrlər zamanı aradan qaldırılacağını bildiriblər.

Təbii ki, bütün bu tədbirlər qurumlararası və həm də məmurlararası barışığın təzahürü kimi qəbul edilməlidir. Çünki dünənə qədər TN rəhbərliyinə qarşı çox sərt hücumları ilə diqqətə gələn TQDK sədri zaman-zaman özünün açıqlamaları ilə böyük ictimai rezonansa da nədən olmaqda idi. Və artıq bu qovğa da yatırılmış hesab oluna bilər.

Mənbəmiz onu da bildirdi ki, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun da arasındakı konfklikt ən azından prezident seçkilərinə qədər dondurulub.


Geri qayıt