Əsas Səhifə > Sosial, Manşet > ƏFV BİTDİ, ÜMİDLƏR AMNİSTİYA AKTINADIR

ƏFV BİTDİ, ÜMİDLƏR AMNİSTİYA AKTINADIR


16-03-2012, 12:35
ƏFV BİTDİ, ÜMİDLƏR AMNİSTİYA AKTINADIR

YAP İQTİDARI 10 MAY TARİXİNDƏ BELƏ BİR QƏRARI AÇIQLAYA BİLƏR

DİA.AZ: - Beləcə, daha bir əfv fərmanını geridə qoyduq. YAP iqtidarı yenə də bütün gözləntilərin əksinə olaraq nə 2 aprel məhbuslarını, nə hicab aksiyasında tutulanları və nə də əfv olunmaları üçün beynəlxalq təşkilatların tələblərində adları yer alan sabiq nazirlər - Fərhad Əliyevlə Əli İnsanovu azadlığa buraxmamaqla, özünün ənənəvi prinsipiallığını nümayiş etdirmiş oldu.

Bildirək ki, amma dünənə qədər belə bir rəy var idi ki, Əli İnsanov olmasa da, Fərhad Əliyev artıq hakimiyyətin müəyyən dairələri ilə danışıqlara gedərək, qardışının azadlığa çıxa bilməsi üçün müəyyən çabalar sərf etməkdədir. Bu barədə yayılan xəbərlərə görə, hətta «Azpetrol» Neft Şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin azadlığa buraxılmasında heç bir problemin olmadığı da söylənilirdi. Amma proqnozlar özünü doğrultmadı.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki qaynaq bildirir ki, əslində bununla rəsmi Bakı həm beynəlxalq təşkilatların və həm də yerli ictimaiyyətin nəbzini yoxlayır: «Burada bir neçə versiya var. Birincisi ondan ibarətdir ki, hakimiyyət ümumiyyətlə, kimisə azad edəndə yalnız özünün maraqlarını düşünür və istədiyi vaxt istədiyini azad edir. İkinci versiya isə amnistiya aktının verilməsi ilə bağlıdır».

Mənbəmiz bildirir ki, hələ də amnistiya aktının imzalanacağına ümidlər çoxdur: «Bu barədə beynəlxalq təşkilatlar da rəsmi Bakıya dəfələrlə müraciətlər ediblər. Və belə bir söhbət var ki, «Avroviziya» ərfəsində, yəni 10 May tarixində - mərhum prezident Heydər Əliyevin doğumunun ildönümündə belə bir qərar açıqlansın və bu gün adları siyasi məhbus siyahısında olanların əksəriyyətinin də həmin qərarla azadlığa çıxması planlaşdırılır».

Yuxarıda sadalanan hər iki versiyada kifayət qədər həqiqət payının olduğunu bildirən mənbəmiz vurğuladı ki, istənilən halda cəmiyyət ümidlə yaşamağa alışdırılır: «İndi əfv fərmanı geridə qaldı, ümidlər amnistiya aktınadır. Əslində bunun özü də bir siyasətdir»…


Geri qayıt