Əsas Səhifə > Ölkə > EKSPERT MƏRDANOVU TOPA TUTDU

EKSPERT MƏRDANOVU TOPA TUTDU


15-03-2012, 15:36
EKSPERT MƏRDANOVU TOPA TUTDU

“MİSİR MƏRDANOVUN “ORTAQ DƏRSLİK” İDEYASI SÖZ XATİRİNƏ SÖZDÜR”

DİA.AZ: - Martın 13-də təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Görüş zamanı nazir ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. O, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirib. Ekspertin DİA.AZ-a açıqlamasını diqqətinizə çatdırırıq.

“Göründüyü kimi, Mərdanovun avazı yaxşı gəlir, oxuduğu Quran olsa. Hesab edirəm ki, onun “ortaq dərslik” ideyası söz xatirinə sözdür. Xeyli vaxtdır, dövriyyədə olan ideyanın təhsil naziri tərəfindən bu şəkildə səsləndirilməsi ancaq təəccüb doğura bilər. Nazirin yanaşması o zaman ciddi qəbul olunardı ki, o, Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsini gündəmə gətirəydi. Çünki “ortaq dərslik” ideyasının reallaşması üçün ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Sistemlərin yaxınlaşdırılması dedikdə nəyi başa düşməliyik? Bu o deməkdir ki, birincisi, Türkiyə kimi, biz də 12 illik məcburi təhsilə keçməliyik. İkincisi, orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik. Üçüncüsü, tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq. Yalnız bu işlər görüldükdən sonra ortaq dərsliklər haqqında söhbət gedə bilər. Özü də “ortaq” ifadəsini bütün dərsliklərə yox, ancaq təbiət-riyaziyyat fənləri üzrə dərsliklərə şamil etmək olar. Digər dərsliklərinsə bir-birinə uyğunlaşdırılmasından danışa bilərik.

Qısası, fikrimin yekunu olaraq onu deyə bilərəm ki, “ortaq dərslik” ideyasının Mərdanov tərəfindən bu şəkildə ortaya atılmasının bircə anlamı var: Öküzün başından yox, quyruğundan tutmaq!”...


Geri qayıt