Əsas Səhifə > Hadisə, Manşet > NAZİM İBRAHİMOV VƏZİFƏDƏN GEDİR

NAZİM İBRAHİMOV VƏZİFƏDƏN GEDİR


15-03-2012, 15:11
NAZİM İBRAHİMOV VƏZİFƏDƏN GEDİR

KOMİTƏ SƏDRİ BİZNESLƏ MƏŞĞUL OLACAQ, İDARƏSİ XİN-Ə VERILIR

DİA.AZ: - Azərbaycanın oliqarx məmurlarından Nazim İbrahimov üçün qanqaraldıcı xəbər yayılıb. DİA.AZ-a daxil olan xəbərdə bildirilir ki, İbrahimovun rəhbərlik etdiyi Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilməsi və bu qurumun səlahiyyətlərinin nazirliklərin birində yaradılacaq yeni quruma verilməsinə dair siyasi qərar razılaşdırılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara inansaq, qərarın açıqlanması ən yaxın günlər və ya həftələrə təsadüf edəcək. «Artıq məsələdən həm Nazim İbrahimov və komitəsinin rəhbər şəxslərinin, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətilərinin veriləcəyi nazirliyin əməkdaşları da xəbərdardır» - bu da yayılan məlumatlar arasındadır.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2002-ci ilin 5 iyulunda yaradılıb 2008-ci ilin noyabrında isə bu qurumun əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ad dəyişdirilsə də, hədəflər dəyişməz qaldı. Bununla belə, böyük ümidlərlə yaradılan komitənin fəaliyyəti ölkə mediasının və ictimaiyyətinin böyük bölümü tərəfindən yetərsiz sayılır. Qurumun qarşısına qoyulan hədəflərə çatması işində ciddi axsamalar olduğu vurğulanır və Diasporla İş üzrə Dövlət Komitəsinin adı bir qayda olaraq, tənqidi müstəvidə hallanır.

N.İbrahimovun son açıqlamasına görə «dünyada 370-dən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir». Şübhəsiz ki, komitə sədri statistik rəqəmlərində haqlı sayıla bilər. Həqiqətən də Azərbaycanın 370 diaspor təşkilatının qeydiyyata alınmasına heç kim şübhə edə bilməz. Amma məsələ burasındadır ki, sayları 400-ü haqlamış bu qurumların fəaliyyəti nəinki 100-ə, heç 37-ə də dəyməz. Niyə? Niyəsi bundan ibarətdir: məsələ burasındadır ki, hazırda Ermənistanın ayrı-ayrı dövlətlərdəki diaspor təşkilatlarının sayı 300-dən artıq deyil. Təbii ki, burada söhbət real diaspor təşkilatlarından gedir. Sayları azərbaycanlı həmkarlarından qat-qat az olan bu qurumlar Qırğızıstan, Fransa, İsveç, ABŞ Argentina, eləcə də digər ölkələrdə qondarma erməni soyqırımlarını tanıda biliblər. Türkiyə və Azərbaycanla müttəfiqliyi ilə öyünən ABŞ qondarma soyqırımı tanımağın bir addımlığındadır. Bütün bunlar mahir ustalıqla həyata keçirilən erməni təbliğatının saxta uydurmalarının bəhrəsidir. Onlar 96 il əvvəl baş verməmiş «soyqırımı» bütün dövlətlərdə təbliğ edirlər. Amma Azərbaycan həqiqətlərini yayan diaspor təşkilatları barmaqla sayıla biləcək qədərdir. İş o yerə çatıb ki, Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri Bakıya səfərində öz ofisinin təmiri üçün ölkə iqtidarından maddi kömək istəyib. Azərbaycanın hələ heç bir diaspor təşkilatı hər hansı ölkədə Xocalı soyqırımının tanıdılmasına nail ola bilməyib. Hələ biz Avropa və Amerika ölkələrində al-verlə məşğul olan ticarətçi diaspor təşkilatlarını demirik. Komitə sədri Nazim İbrahimovla bağlı da vəziyyət fərqli deyil. Biz İbrahimovun adını Azərbaycan diasporasının güclənməsi və inkişafı yönündəki addımlarından çox ayrı-ayrı biznes qalmaqallarında eşidirik.

Görünür, bütün bunların ümumiləşdirilmiş təhili, dəyərləndirilməsi fonunda Diasporla İş üzrə Dövlət Komitəsinin və onun rəhbərinin tapşırılan vəzifələrin öhdəsindən gəlməkdə yetərli güc, bacarıq və marağa malik olmadığına qənaət gətirilib, ümumiyyətlə, adıçəkilən komitənin Azərbaycan diaspora ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlu seçim olmadığı düşünülüb və nəticədə onun ləğvinə qərar verilib.

Aldığımız məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilməsindən bu qurumun səlahiyyətlərinin həvalə olunacağı nazirlik də məlumdur. Söhbət Xarici İşlər Nazirliyindən gedir. Komitənin ləğvi ilə paralel adıçəkilən nazirlikdə yeni qurumun formalaşdırılmasına başlanacaq və bundan sonra diaspora məsələləri ilə də həmin yeni qurum məşğul olacaq.

Nazim İbrahimovun isə istər komitə sədrliyindən sonra idarə statuslu quruma rəhbərlik etməyə razılaşmayacağı, istərsə də onun bu işdə bacarığının kifayət etmədiyini əsas gətirərək «yuxarılar»ın da həmin idarəyə İbrahimovun rəhbərlik etməsini lazım bilməyəcəyi səbəbindən işsiz qalacağı deyilir. Bildirilir ki, İbrahimov bundan sonra sadəcə, biznes fəaliyyəti ilə məşğul olacaq.


Geri qayıt