Əsas Səhifə > Cəmiyyət > JURNALİST GİZLİ KAMERA İLƏ ÇƏKİLİB

JURNALİST GİZLİ KAMERA İLƏ ÇƏKİLİB


14-03-2012, 13:25
JURNALİST GİZLİ KAMERA İLƏ ÇƏKİLİB

“BU HƏDƏ MƏNİM ÜÇÜN SÜRPRİZ OLMADI”

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanı İnternetdə intim videomateriallar yerləşdirməklə hədələyən şəxslər sözdən əmələ keçiblər. Saxta “müsavat televiziyası” saytında mənzillərdən birində gizli kamera ilə çəkilmiş bir dəqiqəlik intim videorolik yerləşdirilib.

Martın 7-də naməlum şəxslər bir sıra müxalif KİV-lərə və İsmayılovanın qohumlarına jurnalistin və dostunun intim xarakterli şəkillərini göndəriblər və İsmayılova özünü yaxşı aparmasa, “kompromatın” geniş yayılması ilə hədələyiblər.

“Bu hədə mənim üçün sürpriz olmadı. Mən uzun zamandır jurnalist araşdırması, o cümlədən prezident İlham Əliyevin ailə üzvlərinin gizli biznesinin araşdırılması ilə məşğul oluram. Ən yüksək səviyyədə korrupsiya faktları aşkar olunub və hakim ailə üzvlərinin offşor biznesinin sirri açılıb”, deyə İsmayılova martın 7-də bildirmişdi.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Turana bildirib ki, saytın nə partiya, nə də qəzetlə heç bir əlaqəsi yoxdur və saxtadır. Sayt kontentinin təhlili göstərir ki, o, təxminən bir gün əvvəl yaradılıb və martın 11-13-də müxalif xarakterli cəmi bir neçə informasiya yerləşdirilib.

Rolikin nümayişinin təşkilatçıları “biabır olmuş” İsmayılovanın fəaliyyətinə son qoyacağına və hətta ölkə hüdudlarını tərk edəcəyinə ümid edirlər. Amma jurnalist ona qarşı daha iyrənc və təhlükəli metodlara əl atıla biləcəyini bilirdi.

“Hökumət baş verənləri araşdırmaq məcburiyyətindədir. Araşdırmalarımın xarakterini, tənqid obyektlərini nəzərə alsaq, bunun istənilən nəticələrinə görə şəxsən prezident məsuliyyət daşıyacaq”, deyə o bildirib.

Mənfur şantaj Azərbaycan hakimiyyətinin rəqiblərinə qarşı istifadə etdiyi sevimli üsuludur. Adətən foto və videomateriallar İnternetdə yayılır, sonradan Prezident Administrasiyasının nəzarəti altında olan telekanallar, qəzetlər və digər media resursları bu mövzudan həzz alır. Vaxtilə “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədov da seks-piarın qurbanı olub. AXCP sədri Əli Kərimliyə və jurnalist Aqil Xəlilə qeyri-ənənəvi orientasiya damğası vurmağa çalışıblar. Bu kimi piar-aksiyalar dəfələrlə cəmiyyətdə etirazlar doğurub.

Bir qrup ictimai xadim və hüquq-müdafiə təşkilatları “Azadlıq” qəzetinin əməkdaşına qarşı hücumları pisləyib.

“İsmayılovaya qarşı yönəlmiş əməlləri əxlaqsızlıq və cinayət kimi qiymətləndiririk. Səlahiyyətli orqanların adekvat reaksiyasının olmaması təxribatın hakimiyyət dəhlizlərində hazırlanması ilə bağlı şübhələri artırır”, deyə bir qrup məşhur hüquqşünas bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki, bu təxribatın arxasında ölkənin xüsusi xidmət orqanları durur. “Bu bədnam tendensiya Azərbaycan hökumətinin hakimiyyəti tənqid edən jurnalistləri gözdən salmaq üçün xüsusi xidmətlərin texniki və insan resurslarından qanunsuz istifadə etdiyini göstərir”, deyə RATİ qeyd edir.

Növbəti addımın hökumətyönlü KİV-lərdə İsmayılovanın “əxlaqsız” davranışının müzakirəsi olacağını gözləmək olar. Dünən hakim partiyanın “Yeni Azərbaycan” qəzeti artıq bu kampaniyaya start verib.


Geri qayıt