Əsas Səhifə > Partiya > VHP ÇÖHRƏQANLI İLƏ ANLAŞDI

VHP ÇÖHRƏQANLI İLƏ ANLAŞDI


13-03-2012, 15:20
VHP ÇÖHRƏQANLI İLƏ ANLAŞDI

TƏRƏFLƏR TELEFON VƏ İNTERNET ARAÇILIĞI İLƏ ƏLAQƏ SAXLAYIB

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı arasında telefon və internet vasitəsilə danışıqlar aparılıb. Məlumat “Media forum” saytına VHP-nin mətbuat xidmətindən verilib.

Məlumata görə, danışıqların əsas mövzusu bölgədəki, xüsusən İrandakı son durum, güney azərbaycanlıların taleyi ilə bağlı məsələlər olub.

Sabir Rüstəmxanlı ilə Mahmudəli Çöhrəqanlı Güney Azərbaycan diaspor təşkilatlarının pərakəndəliyindən və zəif təşkilatlanmasından narahatlıqlarını dilə gətiriblər. Siyasi proseslərin hazırkı mərhələsində güneylə bağlı bütün qurumların bir-biri ilə əlaqəsinin zəruri olduğunu önə çəkən Sabir Rüstəmxanlı bu məsələdə məsuliyyətin daha çox sədrlərin üstünə düşdüyünü bildirib.

Bir neçə gün davam edən müzakirələrdən sonra DAK və GAMOH-un əlaqələrinin yüksək səviyyədə qurulması barədə razılıq əldə olunub və fəaliyyətlərin koordinasiya edilməsinin xırdalıqları razılaşdırılıb.

Mahmudəli Çöhrəqanlı DAK-ın fəaliyyətini izlədiyini və uğurlarına sevindiyini diqqətə çatdırmaqla növbəti qurultayda iştirak edəcəyini də söyləyib.


Geri qayıt