Əsas Səhifə > Şou-biznes > İLAXIR ÇƏRŞƏNBƏDƏ FALA BAXAN SƏNƏTÇİLƏRİMİZ

İLAXIR ÇƏRŞƏNBƏDƏ FALA BAXAN SƏNƏTÇİLƏRİMİZ


13-03-2012, 12:36
İLAXIR ÇƏRŞƏNBƏDƏ FALA BAXAN SƏNƏTÇİLƏRİMİZ

BU GÜNÜ HƏRƏ BİR CÜR QEYD EDİR

Uşaqlar qapıya papaq atır, analar süfrə açır, gənc qızlar fala baxır və gələcəklərini falda öyrənməyə çalışırlar. Novruzun ilaxır çərşənbəsi bu və digər xüsusiyyətlərinə görə yaddaşımıza maraqlı xatirələri ilə həkk olunur. Sənət əhli də bayram ab-havasındadır. Xüsusilə subay qızlar. Amma qədimdən bu günümüzə gəlib çatan bəzi inanclar var ki, yaş ötdükcə subaylarda onlara maraq azalır, bəzən, "duzlu kökə ilə ərə gedərlər?" deyə sual edənlər də olur. Milli.Az kiçik sorğu aparıb onların fikrini öyrəndi.

Gənc müğənni Aysel Əlizadənin bayram xatirələri maraqlıdır. Müğənni danışır ki, yetkin yaşına çatanda fal marağını içində boğmayıb. Qızlarla birlikdə qapı busub, müxtəlif fala baxıb, hətta qapıya papaq atmaq kimi bayram xüsusiyyətinin də "dadı"na baxıb.

"Çox vaxt üzük falına baxmışıq və mənə ailə qurmaq üçün 21 yaşı göstərib. Bir dəfə xalam qızı ilə zarafatım da oldu. Onun mənim üçün baxdığı üzük falı bu dəfə 25-i keçəndə, əlindən vurub saxladım ki, "sən yalançısan". Guya doğrudan da mən 21 yaşında ailə həyatı quracaqdım və o, mənə yalan deyirdi. İndi həmin yaşdayam və hələ subayam. Bir də, bayramda papaq atmağı çox sevmişəm. Kaş uşaq olub, bu əyləncəni yenə təkrarlayaydım. Qapı busmaq məqamını da çox sevirəm. Ola bilsin, bu gün qapı busum. Axı bunun yaş limiti yoxdur", - deyən Aysel iki xatirəsini bizimlə bölüşdü.

Deyir ki, uşaqkən tonqaldan tullananda buna o qədər maraq göstərib ki, tələsib və oda düşüb bir qədər yanıb. Digər xatirəsi isə gizlin papaq atarkən olub.

"Atam papaq atmağıma heç vaxt razı olmayıb. Bir gün gizlincə uşaqlara qoşulub 34 evdən pay topladım. Evə qayıdırdım, atamla rastlaşdım. Çaşıb qaldım. Çıxış yolu tapıb, ona bu bağlamaların qonşu qıza məxsus olduğunu və ona kömək etdiyimi deyib, həvəslə topladığım bayram payını qıza təqdim edib, evə əliboş getdim", - deyə bildirdi.

Günay İbrahimli isə inanclara bayram əhvalatı kimi yanaşıb. Deyir ki, fala baxmaq mərasimi daha çox uşaq yaşlarında olub və o, böyük qızların əhatəsində onlara yardımçı rolunu oynayıb:

"Bu gün fala baxmaq həvəsi ötən illərdəki kimi deyil. Yadıma gəlir ki, qonşu qızlar toplaşıb üzük falına baxardılar. Mən gözümü yumub sudan üzükləri çıxarardım. Üzüyü sonuncu çıxan qız, inanca görə, ərə getməli idi. Qapı falına çıxmışam. Sonuncu yadıma gələn qapı busmağım ali məktəbə daxil olmaq arzusu ilə olub. Qulağımı yenicə qapıya yaxınlaşdırmışdım ki, qapını üzümə açdılar və həmin il arzum çin oldu. Artıq bunlar keçmişdə qalıb və fala baxmaq marağı keçmişdəki qədər deyil. Əgər belə olsaydı, yəqin ki, biganə qalmazdım".

Aktrisa Ülviyyə Əliyeva isə yetkin yaşa çatandan sonra fala inanmayıb və buna bir bayram əyləncəsi kimi baxıb.

"Uşaqkən nənəm nəvələrini başına toplayıb bayram adətlərini sınaqdan keçirərdi. Mən də uşaqlara qoşulub fal mərasimində iştirak edirdim. Amma böyüdükcə bu marağım azaldı. Başa düşdüm ki, üzüyün stəkanda fırlanması taleyimi həll edə bilməz. Bu, sadəcə, keçmişdən gələn bir inancdır. Kimi inanır, kimi inanmır. Mən ikincilərdənəm. Düzdür, aparıcısı olduğum bayram buraxılışında həmin adətləri sınaqdan keçirdik. Amma bu, efir üçün idi. Həyatda belə deyiləm. Mənim fikrimcə, duzlu kökə yeməklə ərə gedəcəyini öyrənmək düzgün deyil. Qismətimiz alnımıza yazılıb, bunu yaşayıb görmək lazımdır", - deyə aktrisa bildirdi.


Geri qayıt