Əsas Səhifə > Ölkə > YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNİN FIRILDAQLARI

YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNİN FIRILDAQLARI


6-10-2011, 14:27
YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNİN FIRILDAQLARI

"YDM-LƏRDƏ YANACAĞA QATQILAR QATIRLAR”

Müşahidələr və avtomobil sahiblərilə söhbətlər göstərir ki, ölkə ərazisindəki bir çox yanacaqdoldurma məntəqələrində vətəndaşlar aldadılır. Bəzi hallarda yanacaq göstərilən standarta cavab vermir və ya avtomobilin çəninə alıcının ödədiyi məbləğə uyğun miqdardan az yanacaq vurulur. Bir sıra məntəqələrdə isə vətəndaşın əlindəki qaba yanacaq doldurmaq istəmirlər ki, saxtakarlıq aşkarlanmasın.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən Bakı şəhərində və regionlarada yanacaqdoldurma məntəqələrində vaxtaşırı monitorinqlər aparılır. Bu barədə Modern.az-a SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. Komitə rəsmisi bildirib ki, yanacaqdoldurma məntəqələrində SMPDK-nin Ərazi Dövlət Nəzarəti idarələri tərəfindən dövlət nəzarəti tədbirləri həyata keçirilir.

Komitənin 8 regionda Ərazi Dövlət Nəzarəti İdarəsi mövcuddu və onlar ətraf rayonlarda daxil olmaqla bütün respublikanı əhatə edir. F.Talıblı deyib ki, Dövlət Komitəsi yanacaqdoldurma məntəqələrində iki kriteriya üzrə dövlət nəzarəti həyata keçirir.

“Birincisi ölçmələrin dəqiqliyilə bağlıdır, yəni çənlərdən yanacaqdoldurma stansiyasına ötürülən yanacağın miqdarı, həmçinin avtomobillərə vurulan yanacağın miqdarının dəqiqliyi yoxlanılır, həmin avadanlıqlara bizim tərəfdən dövlət möhürü vurulur. Həmin möhür avtomatdan vurulan yanacağın miqdarının dəqiqliyinin sübutudur. Möhür bilərəkdən və yaxud bilməyərəkdən qırılarsa həmin avtomat zədələnmiş sayılır və dəqiqlik orada təmin edilməmiş hesab olunur.

İkinci kriteriya isə yanacağın öz keyfiyyəti ilə bağlıdı. Bildiyimiz kimi Azərbaycanda atmosfer havasına atılan zərərli tullantıların miqdarı ilə bağlı “Avro-2” norması tədbiq edilir. Bu da yanacağın keyfiyyətinə birbaşa dəlalət edən amildi. Azərbaycanda “Avro-2” standartına cavab verən yanacaq istehsal olunur və komitə tərəfindən də Azərbaycanda istehsal olunan yanacağın və idxal olunan yanacağın keyfiyyəti labaratoriya şəraitində yoxlanılır. Yanacaq “Avro-2”yə uyğun olduqda sertifikatlaşdırılır ki, o həqiqətən də standartın tələblərinə uyğundu”.

F.Talıblının sözlərinə görə, Dövlət Komitəsi il ərzində təxminən 600-700 və demək olar bütün respublikada olan yanacaqdoldurma məntəqələrində monitorinqlər aparır.

“Azərbaycanda yanacaq bir yerdə - Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. Orada istehsal olunan yanacağın keyfiyyəti standartların tələblərinə uyğundur. Biz problemi bəzi yanacaqdoldurma məntəqələrində görürük. Həmin yanacaqdoldurma məntəqələri yanacağa qatqılar qatırlar, müxtəlif kimyəvi elementlər qataraq yaxud da yanacağa qatılan “oktan” ədədini artırırlar. Məsələn yanacaq 93 markadırsa, 95 yazırlar. 2010-cu ildə komitə tərəfindən 40 yanacaqdoldurma məntəqəsinə qarşı müxtəlif tədbirlər görülüb, cərimələr kəsilib, tələbnamələr verilib, aparatlara möhür vurulub ki, həmin avadanlıqdan yanacağın ötürülməsi dayandırılsın. Bu işlər mütəmadi olaraq aparılır və bu gün də davam edir”.

Müsahibimiz deyib ki, yanacaqdoldurma məntəqələrində yanacağın avtomobilin yanacaq çənindən başqa müraciət edən hansısa vətəndaşın əlindəki qaba vurulmaması həmin obyekt sahibinin öz daxili təlimatıdı.

“Yanacaqdoldurma məntəqəsinin sahibkarı öz işçilərini təlimatlandırır ki, qablara yaxud da hansısa vasitələrə yanacaq doldurmasınlar. Amma hər halda yanacaqdoldurma məntəqələrində yanacağın satışı avtomobillər üçün nəzərdə tutulub”.


Geri qayıt