Əsas Səhifə > Sosial, Manşet > GÖMRÜKDƏ «AVROVİZİYA» HƏYƏCANI

GÖMRÜKDƏ «AVROVİZİYA» HƏYƏCANI


10-03-2012, 13:39
GÖMRÜKDƏ «AVROVİZİYA» HƏYƏCANI

BƏZİ TURİSTLƏR AZƏRBAYCANA AVTOBUSLA GƏLMƏYİ TƏRCİH EDİBLƏR

DİA.AZ: - Azərbaycanın «Avroviziya-2012» mahnı yarışmasına ev sahibliyi etməsi deyəsən, hakimiyyətə hələ çox baha başa oturacaq. «Xərclənən milyonlar, keçirilən təlaş YAP iqtidarının 20 illik keyfini burnundan gətirib» desək, yanılmarıq. Elə bəzi Avropa ölkələrinin çıxardığı son qərar da onlar üçün heç də arzuolunan olmayıb.

DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bəzi Avropa ölkələri, hətta Almaniya kimi ölkə belə bu yarışmaya tamaşaçı qismində qatılmaq istəyən özünün fanklub üzvlərinə maraqlı bir məsləhətdə bulunub: AZƏRBAYCANA TÜRKİYƏ ƏRAZİSİNDƏN AVTOBUSLA GETMƏK…

Təbii ki, belə bir qərarın verilməsini Türkiyədə alqışlayırlar və qardaş ölkədə Türkiyədən tranzit kimi istifadə edən turistlərin bir neçə günlük qəbuluna indidən tədarük görülür. «Milliyyət» qəzetində yer alan xəbərdə bildirilir ki, hətta Türkiyə həmin ötəri turistlərin hesabına ciddi qazanc əldə etməyi də düşünür.

Amma deyəsən, «Avroviziya» turistlərinin belə bir addımı atması rəsmi Bakı üçün xoş təsir bağışlamayıb. Çünki əgər buna qədər yalnız «Avroviziya» yarışmasının keçiriləcəyi ərazidə izolə edilmiş şəkildə hazırlıq işləri həyata keçirilirdisə, indi avtobusla ölkəmizə gələcək turistlərin keçəcəyi yollar da abadlaşdırılmaq zorundadır.

İndidən deyə bilərik ki, ən dəhşətli durum isə gömrük qapılarında yaşanacaq. Bu barədə redaksiyamıza da hökumət içindən ilginc bir məlumat daxil olub. Mötəbər mənbə bildirir ki, sözügedən xəbər Bakıda təlaşla qarşılanıb və indidən Dövlət Gömrük Komitəsinə Bakıya avtobusla təşrif buyuracaq turistlərə xüsusi diqqətin göstərilməsi yönündə tapşırıqlar verilib. Hətta Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə ingilis, fransız və alman dillərini bilən xüsusi nümayəndələrinin yerləşdirilməsi də planlaşdırılır.

Geri qayıt