Əsas Səhifə > Şou-biznes > "ÖZ İSTƏYİNİ AÇIQLAYANDA QARŞI ÇIXMADIM"

"ÖZ İSTƏYİNİ AÇIQLAYANDA QARŞI ÇIXMADIM"


10-03-2012, 13:13
"ÖZ İSTƏYİNİ AÇIQLAYANDA QARŞI ÇIXMADIM"

RƏQSANƏ QIZINI HARA YÖNƏLDİR?

Tanınmış müğənni Rəqsanənin qızı Aysu moda biznesinə başlayır. Açılışı may ayına nəzərdə tutulan moda evi hazırlığının ilkin mərhələsini keçib. Rəqsanə xəbərin açılış ərəfəsində yayılmasını istəmişdi, amma Milli.Az bəzi detalları əvvəlcədən öyrənə bildi. Müğənni bizə bildirib ki, qızının bu ideyasının gerçəkləşməsinə qərar vermədən öncə çox düşünüb. Onu sınağa çəkib. Bunun keçici həvəs olmadığını anlayanda övladına dəstək olub:

"Əslində, mən Aysunu həkim olaraq görmək istəmişəm. Amma öz istəyini açıqlayanda qarşı çıxmadım. Əvvəlcə onu sınağa çəkdim. Eskizlər hazırladı, baxdım ki, başlanğıc üçün pis deyil. Sonra vizajist Nigar İbrahimova ilə görüşüb eskizləri ona göstərdim. Bəyəndi və bunun davamını vacib bildi. Aysu artıq bir müddətdir moda sahəsində püxtələşir. Eyni zamanda axtarışlarını aparır, yenilikləri öyrənir. Onu ictimaiyyətə formalaşmış və işini bilən biri kimi təqdim etmək istəyirəm".

Öyrəndik ki, moda evinin açılışı Rəqsanənin doğum gününə təsadüf edəcək.

"Doğum günüm mayın 25-dir. Açılış da həmin tarixə planlaşdırılıb. Açılışda sürpriz qonaqlar olacaq. Həmin qonaqlardan bir neçəsi Türkiyədən gələcək, onlar tanınmış sənət adamlarıdır", - deyən Rəqsanə hazırda moda evinə məxsus tikilinin ərsəyə gəldiyini dedi. Onun əlavəsinə görə, tikili çoxdan hazırdır və təmir işləri gedir:

"Moda evinə ad da seçilib - "Yar". Aysu düşünüb ki, bu ad həm də evlənməyə hazırlaşan cütlüklər üçün yaxın bir ünvan seçimi olacaq. Biz hazırlığın son mərhələsində mətbuatı dəyərləndirib xəbəri təfərrüatı ilə onlarla bölüşəcəyik və anons çarxının ilk yayımı onlara nümayiş etdiriləcək".

Özünün sənət həyatı və ona qədər olan mərhələdə çətin günlər yaşadığını diqqətə çatdıran Rəqsanə övladının iş həyatını hamarlaşdırır. O, hər zaman Aysunun arxasında olacağını xatırlatdı. Aysu isə öz növbəsində bildirdi ki, sözügedən moda evinin açılış mərasimi bir çox sürprizləri ilə yadda qalacaq. Bunlardan daha biri xaricdə çox məşhur olan modelyerin Bakıya səfərinin təşkilidir. Aysu artıq indidən adı açıqlanmayan həmin məşhurla danışıqlar aparıldığını bildirdi. O, nəticənin yaxın günlərdə bəlli olacağını diqqətə çatdırdı. Sonda vurğuladı ki, moda işinə həvəskar nöqteyi-nəzərdən baxmır və bu işdə yeni addımlarını atan biri kimi peşəkarların məsləhətinə ehtiyac duyur. O, Fəxriyyə Xələfova, Züleyxa Akçurina kimi tanınmışlardan məsləhət alacağını diqqətə çatdırdı.


Geri qayıt