Əsas Səhifə > Dünya > ALMANLARDAN BƏD XƏBƏR

ALMANLARDAN BƏD XƏBƏR


6-10-2011, 13:35
ALMANLARDAN BƏD XƏBƏR

NABUCCONUN REALLAŞDIRILMASI REAL DEYİL

DİA.AZ: - RİA "Novosti"də keçirilən Rusiyanın Aİ ilə qaz sahəsində əməkdaşlığına həsr edilmiş Rusiya-Almaniya videokörpüsü zamanı Almaniyadan olan iştirakçıların, demək olar ki, hamısı Nabucco-nun həyata keçirilməsinə ciddi şübhələrini ifadə ediblər.

Berlin Azad Universitetinin iqtisadi və ekoloji tədqiqatlar mərkəzinin əlaqələndiricisi Bəhruz Əbdülvənd deyib ki, indiki siyasi şəraitdə bu layihənin həyata keçəcəyinə inanmır. Çünki bu layihənin əsas qaz mənbəyi kimi Türkmənistan planlaşdırılır, Xəzər boru kəməri isə mühüm əhəmiyyət kəsb edir. Amma Çinə qaz kəməri çəkən Türkmənistan, böyük ehtimalla, Çin və Qərb qaz bazarları arasında manevr edərək öz xarici-siyasi nüfuzunu və mövqeyini möhkəmləndirməyə çalışır. Transxəzər boru kəməri isə Xəzərdəki indiki siyasi-hüquqi vəziyyətdə Rusiyanın iştirakı və ya razılığı olmadan mümkün deyil. C-b Əbdülvənd təklif edib ki, Mərkəzi Asiya qazının Avropaya nəqli üzrə Rusiya və Avropa layihələri inteqrasiya etdirilsin.

Almaniya İqtisadiyyat İnstitutunun "Energetika, nəqliyyat, ətraf mühit" şöbəsinin müdiri Klavdiya Kemfert onunla razılaşır və hesab edir ki, bu layihənin icrası indiki halda mümkün deyil. Azərbaycan təkbaşına Nabucco-nu qazla təchiz edə bilməz. Təsadüfi deyil ki, Nabucco-nun əsas iştirakçılarından olan Almaniyanın RWE şirkəti "Qazprom"la fəal danışıqlar aparır.

Xanım Kemfert deyib ki, Avropaya qaz tədarükünün diversifikasiyası təkcə coğrafi yox, həm də keyfiyyətcə olmalıdır. Onun fikrincə, maye qaz amilinə daha çox diqqət verilməlidir. Bundan başqa, ekspert qeyd edib ki, yaxın onillikdə Almaniyanın AES-lərdən imtina etdiyi şəraitdə Rusiya qazının ixracının azaldılmasından söhbət gedə bilməz. Hər halda Avropanın aparıcı bazarı olan Almaniyaya ixracat azalmayacaq.


Geri qayıt